Azərbaycan Respublikası Prezidenti cənab İlham əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Vətən müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyətinə məlumdur. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Respublikasının Prezidenti bu təşəbbüsü ilə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.
Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənib. Cari ilin avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mətbuata bəyanatlarla çıxış edərkən deyib. “Mən Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəklədiyinə görə Vladimir Vladimiroviçə və Rusiya tərəfinə təşəkkürümü bildirdim. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işləyirik”.
Bu gün Azərbaycan-Rusiya əməkdaşlığı hər iki ölkənin iqtisadiyyatının inkişafı baxımdan müsbət nəticələrini verməkdədir. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində artıq ölkələrarası ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Müqayisə üçün bir neçə fakta diqqəti çəkmək olar: 2017-ci illə müqayisədə ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə – 4,4 milyard dollara çatıb. Cari ilin yanvar-iyul aylarında isə bu göstərici 2 milyard 572,8 milyon dollar təşkil edib. Nəqliyyat-ticarət əlaqələrinin gücləndirilməsinə mühüm töhfələr verən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də önəmi ilbəil daha da bariz şəkildə özünü göstərməkdədir. Belə ki, bu dəhliz vasitəsilə 2022-ci ilədək yükdaşımaların həcmi səkkiz dəfə, 2023-cü ilin altı ayı ərzində isə 60 faiz artıb. Ümumilikdə isə 2023-cü ildə dəhliz üzrə 9,3 milyon ton yük daşınıb. Avqustun 19-da mətbuata bəyanat zamanı dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları ilə bağlı məsələləri ətraflı müzakirə etdiklərini diqqətə çatdıran dövlətimizin başçısı dəhlizin imkanlarının daha böyük olduğunu vurğulayıb: “Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır”.
Son illərdə birgə sənaye kooperasiyası layihələrinin reallaşdırılması da ölkələrarası iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayır. Belə ki, Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir. Hazırda Azərbaycanda Rusiya kapitallı 1300 müəssisə fəaliyyət göstərir. Rusiya investorları tərəfindən Azərbaycan iqtisadiyyatına 4 milyarddan çox birbaşa investisiyalar yatırılıb. Ümumilikdə isə onu demək olar ki, iki ölkə arasında ticarət, sənaye, energetika, investisiya qoyuluşu, nəqliyyat, logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlığımız indiyədək imzalanmış 300-ə yaxın sənədə əsaslanır.
Mühüm dövlət sənədləri əsasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrini quraraq, ticarət dövriyyəsini ilbəil daha da çoxaldan Azərbaycan və Rusiya dəfələrlə bəyan edildiyi kimi, regionda təhlükəsizliyə, sabitliyə, əmin-amanlığa töhfə vermək əzmiylə çalışırlar. Vladimir Putinin ikigünlük səfərindən gəlinən nəticə də odur ki, bu iki mehriban qonşu, dost ölkə bundan sonra da ümumi inkişafda əsas faktorlardan sayılan sözügedən amilləri müttəfiqlik əlaqələrində vahid prinsiplər kimi rəhbər tutacaqlar.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri