Bildiyimiz kimi, müstəqil Azərbaycan Respublikası dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Mötəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan yüksək şərait və imkan var. Bu gün, bütün sahələrində olduğu kimi, Azərbaycanda idmanın inkişafı da ardıcıl, bir-birini dəstəkləyən qərarlar və tədbirlər əsasında həyata keçirilir. Ölkə ərazisində gənc nəslin fiziki inkişafı üçün hər cür dəstək var və bu proses davam edir. Sevindirici haldır ki, gənclərimiz da ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərində fəallıq göstərir, onun təşkili prosesinə dəstək verirlər. Gənc könüllülər səfərbər olmaqla, təbliğat işində və digər fəaliyyətlərdə yaxından iştirak edirlər. İdmançılarımız beynəlxalq tədbirlərdə yüksək nailiyyətlər qazanır, Azərbaycanın adını dünya birinciləri sırasına yazırlar. İqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması, idmanın da inkişafında həlledici rol oynayır. Bu gün, dövlətimizin idman sahəsinə qoyduğu sərmayələr, göstərilən diqqət gəncliyin sağlam inkişafını təmin edir. Eyni zamanda, Azərbaycanın, həm siyasi, həm də, iqtisadi cəhətdən sabit ölkə olması beynəlxalq tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi etməsinə şərait yaradıb. Bütün bu yarışlar təkcə idman tədbirləri yox, eyni zamanda ictimai-siyasi və mədəni tədbirlərdir. Azərbaycan bu tədbirlərə ev sahibliyi etməklə, öz gücünü və idman imkanlarını göstərir. Təbii ki, son illərdə bir-birinin ardınca keçirilən beynəlxalq idman tədbirləri, ölkəmiz haqqında formalaşan təəssüratları dəyişir, respublikamızın imicinə müsbət təsir göstərir. Həmçinin, belə tədbirlər dövlətimiz üçün müəyyən dividendlər gətirir, idman ölkəsi kimi statusunu daha da möhkəmləndirir. Faktiki olaraq, Azərbaycan beynəlxalq idman yarışlarının təşkilində zəngin təcrübə qazanıb. Bu, Azərbaycanın ona etibar edilən bütün yarışlara ciddi hazırlaşdığını və bu tədbirlərin ən yüksək səviyyədə təşkili üçün bütün istiqamətlərdə işlər apardığının göstəricisidir. Həmçinin ölkəmizdəki əmin-amanlıq, dinindən, dilindən, irqindən aslı olmayaraq bütün xalqların nümayəndələrinin burada rahat və təhlükəsiz şəkildə yaşaya bilməsi də Azərbaycana gələcək idmançıların, qonaqların, nümayəndələrin rahatlığına, təhlükəsizliyinə təminat verir. Faktiki olaraq, artıq Azərbaycan bütün sferalarda uğur qazandığını sübut etmişdir. Artıq, dünya liderləri tərəfindən birmənalı şəkildə qəbul olunur ki, Azərbaycan sabitlik və inkişaf adasıdır…
Sabit Mehdiyev,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi