Azərbaycanın nəqliyyat infrastrukturu müasirdir və yükdaşıma potensialı çox yüksəkdir.
Sirr deyil ki, artıq, Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik mühüm tranzit ölkəsinə çevrilib və biz bu gün uğurla Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə təkan veririk. Azərbaycan hər iki layihədə uğurla fəaliyyət göstərir. Son illər ərzində inamlı tərəqqi yolu keçərək, özünün iqtisadi potensialını və maliyyə imkanlarını əhəmiyyətli dərəcədə artırmağa nail olan Azərbaycan yaradılan möhkəm bazaya istinad edərək bundan sonra da inkişafın ardıcıllığını və yüksək dinamikasını təmin etmək əzmindədir. Bu məqsədlə müstəqil respublikamızın yeni inkişaf paradiqmaları müəyyənləşdirilib. Ölkə Prezidenti, cənab İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən yeni inkişaf prioritetləri əsasən yaxın, orta və uzunmüddətli perspektivdə neftdənkənar iqtisadiyyatın daha üstün templərlə genişlənməsinin təmin olunmasına, eləcə də, qeyri-neft sektoru üzrə ölkəyə valyuta daxilolmalarının həcminin artırılmasına hesablanıb. Vurğulamaq yerinə düşər ki, ölkəmizin neftdənkənar iqtisadiyyatın üstün inkişafını hədəfləməsi heç də təsadüfi deyil. Azərbaycan qeyri-neft sektoru üzrə geniş potensiala malik olan ölkələr sırasında yer alır. Yeni şəraitdə bu potensialdan səmərəli istifadə etməklə respublikanın daha dinamik inkişafını təmin etmək mümkündür. Nəqliyyat sektoruna qoyulan investisiyalar gələcəyə yönəldilən sərmayələrdir. Ölkə boyunca müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasında yer alır. Son illərdə respublikamızda yol-nəqliyyat infrastrukturunun yaradılmasına böyük həcmlərdə investisiyalar yönəldilməsi və çoxsaylı layihələrin reallaşdırılması deyilənləri bir daha təsdiqləyir. Ölkə Prezidenti, cənab İlham Əliyev ölkədə yüksək səviyyəli nəqliyyat infarstrukturunun yaradılmasını önə çəkərək vurğulayıb: “Baxmayaraq ki, açıq dənizə çıxışımız yoxdur, biz Azərbaycanı nəqliyyat mərkəzinə çevirmişik. Bu sahəyə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir, çünki bundan sonra Azərbaycan onilliklər, yüzilliklər ərzində tranzit imkanlarından istifadə edərək öz büdcəsini artıracaqdır”.
Azərbaycanda müasir nəqliyyat infrastrukturu qurulmasına dövlət tərəfindən güclü siyasi, maddi dəstək göstərilməsi ilk növbədə o amillə şərtlənir ki, respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də, quru və su sərhədlərinə malik olmasına, eləcə də, iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Çox doğru olaraq istər Şərqdən Qərbə, istərsə də, Şimaldan Cənuba gedən yolların ölkəmizdə kəsişməsi qlobal məkanda tranzit daşımaları üçün mühüm yenilik kimi dəyərləndirilir. Məlumdur ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılmasına 10-dan çox ölkə qoşulub, ancaq bu ölkələrdən heç biri eyni zamanda hər iki dəhlizin yaradılmasında iştirak etmir. Azərbaycan isə, yeganə ölkədir ki, həm Şərqdən Qərbə, həm də, Şimaldan Cənuba doğru uzanan dəhlizlərin yaradılmasına və onların funksionallığının artırılmasına özünün sanballı töhfələrini verir. Ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit məkana çevrilməsini təmin etmək məqsədilə böyük iş həcmi yerinə yetirilib. Belə ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən min kilometrlərlə avtomobil yolu tikilib, çox sayda körpülər istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycan Xəzər dənizində ən güclü dəniz donanmasına malikdir və donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Hazırda, ölkə ərazisində beynəlxalq hava limanları fəaliyyət göstərir. Əlamətdar haldır ki, Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. Eyni zamanda, ölkə Prezidenti, cənab İlham Əliyevin siyasi iradəsi əsasında respublika ərazisində beynəlxalq yük və sərnişin daşımalarının mexanizmi dünya təcrübəsi əsasında daha da optimallaşdırılır, bu sahədə müvafiq hüquqi baza yaradılır. Azərbaycanın ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bütün parametrlər baxımından olduqca əlverişli marşrutlardır. Azərbaycanın fəal iştirakçısı olduğu nəqliyyat dəhlizləri ölkənin regional haba çevrilməsini, tranzit ölkə kimi imkanlarının böyük dərəcədə genişlənməsini, həmçinin gəlirlərinin artmasını təmin edəcək. Bu kimi amilləri nəzərə alan ölkə Prezidenti, cənab İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada bildirib: “Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük”. Qeyd edək ki, ölkəmizin ərazisindən keçərək Şərqdən Qərbə doğru uzanan və Avropa, Qafqaz, Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizi istər iqtisadi səmərəlilik, istərsə də, mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə impuls vermək mümkündür. Ölkəmizdə bu marşrutun funksionallığının artırılmasına, o cümlədən, qədim İpək Yolunun bərpasına dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirilir. İndiyədək respublikamız qədim İpək Yolunun bərpası ilə bağlı müxtəlif məsələlərin müzakirə edildiyi bir sıra beynəlxalq səviyyəli tədbirə uğurla ev sahibliyi edib. Bu tədbirlərdə iştirakçı tərəflər ölkəmizin geniş tranzit imkanları barədə məlumat alıblar. O cümlədən, indiyədək respublikamızda İpək Yolunun Azərbaycandan keçən hissəsinin yenidən qurulması, bütövlükdə Şərq-Qərb marşrutu üzrə böyük iş həcmi yerinə yetirilib. Respublikamızın ərazisində, həmçinin, Şimal-Cənub dəhlizinin ayrı-ayrı seqmentlərini təşkil edən magistralların yenidən qurulması da uğurla həyata keçirilir. Bütün bunlar istər Şərq-Qərb, istərsə də, Şimal-Cənub dəhlizlərinin funksionallığının yüksək səviyyədə təmin olunmasında Azərbaycanın rolunun artdığını təsdiqləyir. Ölkə Prezidenti, cənab İlham Əliyev respublikamızın hər iki layihədə uğurla fəaliyyət göstərdiyini bildirərək vurğulayıb: “Biz bu gün uğurla Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə təkan veririk. Azərbaycan hər iki layihədə uğurla fəaliyyət göstərir”. Bəhs olunan dəhlizlərin funksionallığının artırılması baxımından, son illərdə Azərbaycanın liderliyi və qonşu dövlətlərin iştirakı ilə reallaşdırılan bir sıra irimiqyaslı layihələrin önəmini ayrıca qeyd etmək lazımdır. Deyilənlər kontekstində ölkəmizin güclü siyasi iradəsi və böyük maddi dəstəyi ilə inşa edilərək 2017-ci il oktyabr ayının 30-da Azərbaycanın, Türkiyənin, Gürcüstanın, Özbəkistanın, Qazaxıstanın dövlət və hökumət başçılarının, həmçinin, Tacikistanın və Türkmənistanın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə açılış mərasimi keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu da böyük aktuallıq daşıyır. İstifadəyə verilməsindən az vaxt ötsə də, beynəlxalq miqyasda Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq yaranıb. Artıq, bu yoldan, yalnız iştirakçı dövlətlər deyil, həmçinin, Qazaxıstan da istifadə edir. Özbəkistan bəhs olunan marşrutun imkanlarından istifadə etməklə bağlı niyyətini ifadə edib. Əfqanıstan da Azərbaycandan keçməklə “Lapis Lazuli” nəqliyyat marşrutu ilə Avropaya yük daşımalarına böyük maraq göstərir. Beləliklə, Türkmənistandan keçən yüklər Bakı-Tbilisi-Qarsla Avropaya daşınacaq. Regionun tranzit imkanlarının genişləndirilməsi baxımından Azərbaycanın Ələtdə inşa etdiyi və istifadəyə verilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti də kifayət qədər böyükdür. Çox haqlı olaraq Ələt limanının istifadəyə verilməsi Azərbaycanın regionda nəqliyyat-logistik infrastrukturun inkişafına növbəti sanballı töhfəsi kimi dəyərləndirilir. Qeyd edək ki, yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Limanın illik yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın yükaşırma imkanları 25 milyon tona çatdırıla bilər. Böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaradılan belə mükəmməl infrastruktur respublikamızın hər iki dəhliz üzrə əvəzolunmaz tranzit məkana çevrilməsini təmin edib. Ölkə Prezidenti, cənab İlham Əliyev Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində dövlət başçıları səviyyəsində “Daha parlaq birgə gələcəyin qurulması” mövzusunda təşkil olunan görüşdəki çıxışında vurğulayıb: “Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanın sərmayə yatırdığı daha bir əhəmiyyətli nəqliyyat layihəsi Şimal-Cənub dəhlizidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər. Buna görə də, müasir infrastrukturun yaradılmasına yatırdığımız investisiyalar, yalnız iqtisadi potensialımızın artırılmasına və bizim dost, tərəfdaş, qonşularımıza xidmət göstərməyimizə kömək etmir, bu, həm də ticarət, turizm, nəqliyyat sahələrində nadir imkan yaradır, xalqları, ölkələri birləşdirir. Ölkələr bir-birinə bağlanır və bu, sülh, sabitlik amalına xidmət edir. Beləliklə, Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik vacib tranzit ölkəyə çevrilib.” Ölkəmizin ərazisində Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə infrastrukturun yenilənməsi istiqamətində işlər 2019-cu ildə də davam etdirilir. Belə ki, ilin sonunadək Astaradan İran sərhədinədək yeni yolun çəkilməsi nəzərdə tutulub. Beləliklə, yük maşınları Astara şəhərinə girmədən İranın sərhədinədək gedə biləcəklər. Həmçinin, Sumqayıt-Rusiya sərhədi avtomobil yolunun tikintisi də davam etdiriləcək. Layihəyə görə, bu, sahil boyu ilə Rusiya sərhədinə gedən tamamilə yeni bir yoldur. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə böyük dəstək verir.
Azərbaycan yerləşdiyi coğrafiyanın nəqliyyat-tranzit imkanlarının genişləndirilməsinə yönələn bütün təşəbbüsləri dəstəkləyir, eləcə də, bu məqsədlə reallaşdırılan layihələrdə yaxından iştirak edir. Məlum olduğu kimi, 2018-ci il avqust ayının 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Xəzəryanı dövlətlərin mövqelərinin yaxınlaşmasına və nəticədə bəhs olunan sənədin imzalanmasına Azərbaycan da öz töhfəsini verib. Sözügedən Konvensiyanın imzalanması Xəzər hövzəsi regionunun tranzit imkanlarından istifadə edilməsi baxımından böyük önəm daşıyır. Məlumdur ki, Avropa ilə Asiyanı birləşdirən Xəzər hövzəsi regionunun geoiqtisadi və geosiyasi önəmi yalnız enerji amili ilə məhdudlaşmır. Regionun həmçinin müasir qlobal çağırışlar baxımından böyük önəm daşıyan geniş nəqliyyat-logistika imkanları mövcuddur. Sahilyanı dövlətlərin nəqliyyat sahəsində fəaliyyətini uzlaşdırmaqla, xüsusilə də zəruri infrastruktur yaratmaqla və rentabelli vahid daşıma tarifləri müəyyənləşdirməklə mövcud imkanlardan daha səmərəli istifadə etmək mümkündür. Təsadüfi deyil ki, sahilyanı ölkələrin dövlət başçılarının imzaladıqları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəqliyyat və daşımalarla bağlı məsələlər də təsbit olunub. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edən bu fundamental sənəd sahilyanı dövlətlər arasında münasibətlərin geniş spektrini əhatə etməklə yanaşı, iqtisadi və nəqliyyat məsələlərinin həlli üçün də yeni perspektivlər açır. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi regionun tranzit imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək. Azərbaycan, həmçinin, Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə böyük dəstək verir. Xəbər verildiyi kimi, bir qədər bundan əvvəl Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib. Bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin, 37 dövlət və hökumət başçısının qatıldığı forumda Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev də iştirak edib. Qeyd edək ki, hazırda 150-dən çox ölkə Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verir, o cümlədən, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da bu sırada yer alır. Tədbirdə də vurğulandığı kimi, bəhs olunan təşəbbüs dünyanın inkişafında yeni mərhələdir. “Bir kəmər, bir yol” layihəsi ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı əhatə edir. İqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüs qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərinin azalmasına, eyni zamanda, beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi töhfələr verir. Layihə, həmçinin, sosial məsələlərin həlli, ölkələr arasında mədəni-humanitar əlaqələrin genişlənməsi baxımından da böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev forum çərçivəsində dövlət başçıları səviyyəsində “Daha parlaq birgə gələcəyin qurulması” mövzusunda keçirilən görüşdə çıxış edərək respublikamızın “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verdiyini bildirib: “Azərbaycan lap əvvəldən Prezident Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib. Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin, müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.” Ölkədə nəqliyyat infrastrukturu kompleks şəkildə yenilənir. Bütövlükdə Avrasiyada əvəzolunmaz nəqliyyat-tranzit məkanına çevrilməyi hədəfləyən respublikamızda nəqliyyat infrastrukturu kompleks şəkildə yenilənir. O cümlədən, respublikamızda dəmir yolu nəqliyyatının inkişafına böyük dəstək göstərilir. Son illərdə bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə böyükhəcmli investisiyalar yönəldilib, bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Ölkə Prezidenti, cənab İlham Əliyevin imzaladığı Sərəncamlar, qəbul olunan Dövlət proqramları dəmir yolu nəqliyyatında islahatların daha da sürətlənməsinə, bütövlükdə bu sahənin müasirləşməsinə öz müsbət təsirini göstərib.
Müstəqillik əldə edildikdən sonra, Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri də sosial-iqtisadi təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulurdu. Müstəqillik illərinin əvvəllərində bu sahədə mühüm problemlər yaşansa da, Ümummilli Lider Heydər Əliyevinin hakimiyyətə ikinci dəfə qayıdışından sonra inkişaf istiqamətində yeni bir mərhələyə qədəm qoyuldu. Azərbaycanın inkişaf yolunda təhlükəsizliyin təmin olunmasına yönəlmiş hədəflər əvəzsiz rol oynadı. Bu kontekstdə diqqət göstərilən vacib sahələrdən biri də nəqliyyat sektoru oldu. Digər tərəfdən, Azərbaycan Respublikasının tranzit baxımından əlverişli regionda yerləşməsi nəqliyyat sahəsinin lazımi tələblərə cavab verməsi şərti ilə inkişaf etdirilməsi ölkə gəlirlərinin gözlə görülən dərəcədə artırılması ilə nəticələnəcəkdir…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi