Faktiki olaraq, 2020-ci ilin sentyabr ayının 27-dən etibarən başlayan əks-hücum əməliyyatları Azərbaycan dövlətinin hərbi qüdrətini göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi, 44 gün davam edən Vətən müharibəsi zamanı erməni ordusu haqqında uydurulan illüziyaları, mifləri alt-üst etdi. Döyüşlərin ilk günlərindən etibarən Ermənistanın hərbi xuntası ümid edirdi ki, hansısa dövlət Azərbaycanı bu haqq işindən çəkindirəcək, beynəlxalq birlik ölkəmizə təzyiq edərək, işğalçı dövləti xilas edəcəkdir. Bütün bunların əksinə olaraq, ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu. O, dövlətimizə qarşı yönələn bütün beynəlxalq təzyiqlərə sinə gərərək ölkəmizin ərazi bütövlüyü təmin edilənə qədər Ordumuzun döyüşləri davam etdirəcəyini qəti və əzmkar şəkildə bəyan etdi. Ermənistan rəhbərliyinin döyüşlərin dayandırması üçün etdiyi bütün cəhdlər uğursuz oldu və Ermənistan-Azərbaycan münaqişəsinə dünyanın böyük dövlətlərini cəlb etmək xülyaları iflasa uğradı. Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində əldə edilən parlaq hərbi-siyasi Qələbələr bütün ölkə vətəndaşları tərəfindən böyük sevinc hissi, bayram əhval-ruhiyyəsi ilə qarşılandı. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatları və yeni işğal planlarının qarşısını almaq məqsədilə başladığı və 44 gün davam edən Zəfər yürüşü, hərbi əməliyyatları çərçivəsində düşmənin 30 il ərzində formalaşdırdığı silahlı qüvvələrini darmadağın etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Xocavənd rayonunun böyük hissəsi, Laçın rayonunun bir sıra kəndləri və çoxsaylı strateji yüksəkliklər azad edildi. Noyabr ayının 8-də isə, Azərbaycanın incisi və mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad olunması, hərb tariximizin ən şanlı səhifəsi kimi yaddaşlara həkk olundu. Ermənistanın hərbi təcavüzünə cavab olaraq aparılan genişmiqyaslı əks-hücum əməliyyatları zamanı xalqımızın dövlət başçısının ətrafında həmrəylik nümayiş etdirməsinin çox böyük önəmi vardır. Bu sarsılmaz birlik məhz, ön cəbhədə vuruşan hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaratdı. Döyüş meydanında əldə olunan uğurlar noyabr ayının 10-da Ermənistanı hərbi əməliyyatları dayandırmağa, məğlubiyyətini etiraf etməyə, işğal altında saxladığı digər ərazilərimizdən çəkilməsi barədə öhdəlik götürməyə məcbur etdi. Bu möhtəşəm Qələbə dövlət müstəqilliyimizin bərpası, müstəqil Azərbaycan dövlətinin qurulması ilə birlikdə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi, onun cahanşümul nəticəsi dövlətimizin qüdrətinin, xalqımızın mətanətinin və hərbi qulluqçularımızın şücaətinin, möhtərəm Prezidentimizin uzaqgörənliyinin nümayişi olaraq tarixə yazıldı. Qarabağın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası olmaqla yanaşı, tarixi ədalətin təntənəsi, xeyirin şər üzərində qələbəsi qədər ümumbəşəri məna və əhəmiyyət kəsb edir. Haqsızlıqdan, xəyanətdən və təcavüzdən əzab çəkən xalqlar Vətən müharibəsinin timsalında haqqın qələbəsinin şahidi oldu. Azərbaycan təcavüz qurbanlarının gözündə haqsızlığa qarşı mübarizənin simvoluna çevrildi. Sirr deyil ki, bütün dövrlərdə və bütün sahələrdə ictimai uğurun ən əsas şərti, həmişə lider amili ilə əlaqədar olmuşdur. Tarixi təcrübənin dəfələrlə sübuta yetirdiyi həqiqət, hərb sahəsində özünü daha aydın şəkildə büruzə verir. 44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm Zəfərində, cənab İlham Əliyevin şəxsində sərkərdə amilinin nə dərəcədə müstəsna rol oynadığını əyani olaraq təsdiq edir. Ölkə Prezidenti, cənab İlham Əliyevin Qarabağın işğaldan azad edilməsində tarixi rolu, yalnız 44 gün ərzində Ali Baş Komandan kimi misilsiz xidmətlər göstərməsi ilə bitmir. Müasir dövrün mahiyyətcə tam fərqli döyüşləri sayılan Vətən müharibəsində sərkərdə missiyasına başlamazdan əvvəl, Prezident İlham Əliyevin ədalətin bərpası naminə böyük zəhmətlər hesabına başa gələn xüsusi hazırlıq işləri aparması heç zaman unudula bilməz və unudulmamalıdır. Şanlı Qələbəni onlarsız təsəvvür etmək mümkün deyil. Prezident İlham Əliyevin xalqa müraciətlərində, ayrı-ayrı ölkələrin nüfuzlu media orqanlarına müsahibələrində xeyrin şərə qarşı mübarizəsi və onun qələbə ilə nəticələnməsi özünün geniş ifadəsini tapmışdır. Vətən müharibəsində şər üzərində qələbə Azərbaycan xalqının ədalətli mübarizəsinin beynəlxalq əhəmiyyətindən xəbər verir. Xeyirlə şərin mübarizəsi qədim əsatirlərin mövzusu olsa da, etiraf etmək lazım gəlir ki, şər qüvvələr müasir dünyada da mövcuddur və ona qarşı mübarizə qlobal həyatın aktual problemi olaraq qalmaqdadır. Azərbaycan regionumuza, eləcə də, dünyaya təhdid olan şər qüvvələri məğlub etməklə əslində dünya miqyasında sülhə və təhlükəsizliyə özünün əhəmiyyətli töhfəsini vermişdir. Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir, lakin xalqın qəhrəmanı olmaq, ona qalib xalq statusu qazandırmaq daha böyük şərəfdir. Cənab İlham Əliyev, özünün də qeyd etdiyi kimi, çox xoşbəxt insandır. Xoşbəxtdir ki, həm Prezident, həm siyasi varis, həm də, oğul kimi öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və bəxtiyarlığının ilham mənbəyi oldu. Bu, elə bir zirvədir ki, ondan yüksəyini təsəvvür etmək mümkün deyil. Tarix hər zaman dəyişir, yeni-yeni səhifələri yazılır, lakin onun parlaq səhifələri heç zaman unudulmur. Əslində, tarix dediyimiz şey bəşəriyyətin, ayrı-ayrı xalqların həyatının ən möhtəşəm, ən yaddaqalan və ictimai inkişafın gedişinə dərindən təsir göstərən hadisələrinin xronikasıdır. Vətən müharibəsindəki Zəfər də, məhz belə bir tarixi hadisələrdəndir. İnanıram ki, Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə və onun müəllifi, möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin adı xalqımızın milli kimlik tarixinin ən şərəfli səhifəsinə qızıl hərflərlə əbədi olaraq həkk olunacaqdır…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi