Azərbaycan-Serbiya əlaqələrinin inkişafında yeni mərhələ başlayır
Azərbaycanın Avropa qitəsində enerji təhlükəsizliyinə faydası artmaqdadır. İldən-ilə Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunur. Bu ilin oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin işə düşməsi, dekabrın 10-da isə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının olması bu baxımdan öməlidir. Tarixi əhəmiyyətə malik bu layihlər nəticəsində Azərbaycan qazı Avropaya daha geniş şəkildə ixrac olunacaq. Ayrıca bu interkonnektorlar imkan verəcək ki, Azərbaycan qazı Avropanın digər ölkələrinə də nəqil olunsun. Prezident İlham Əliyev cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında bu və digər məsələlər haqqında danışıb. Dövlətimizin başçısı deyib ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir: “Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir”. Bu gün Serbiya və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələrdir. Bu münasibətlərin əsasında sülhə, sabitliyə, demokratik inkişafa xidmət əsas rol oynayır. Rəsmi Belqrad Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasındadır. İki ölkə arasında 1997-ci ilin avqust ayının 21-də qurulan diplomatik əlaqələr davamlı olaraq inkişaf etməkdədir. Ayrıca Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qeyd edək ki, dekabrın 10-da Serbiyanın Niş şəhərində Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək və geniş tərkibdə görüşlərində iki ölkə arasında əmıkdaşlığın perspektivləri müzakirə edilib. Görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğura inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsusi vurğulanıb. Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində də bu məqam toxunub və ölkəmizin gələcək planlarını qeyd edib: “…təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır”.
Artıq Azərbaycan Bolqarıstana da qaz nəql edir. Prezindet İlham Əliyev vaxtilə “Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək” deyirdi. Bu işlər hazırda reallaşmaqdadır. Belə ki, qazımız Serbiyaya, daha sonra Macarıstana nəql ediləcək. Perspektiv planda Rumıniya ilə də bu əməkdaşlıq formatı qurulacaq. Bununla da Azərbaycanın qaz ixracının coğrafiyası daha da genişlənir. Əlbəttə ki, bütün bunlar qaz interkonnektorunun fəaliyyəti ilə bağlıdır. Açılış mərasimində Bolqarıstan Prezidenti Rumen Radevin də çıxış edərərk qaz interkonnektorunun əhəmiyyətini vurğulayıb: “Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir”. Yeri gəlmişkən, Serbiya səfəri çərçivəsində Prezident İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə də təkbətək görüşü olub. Görüşdə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyətini vurğulayan dövlət başçıları bu münasibətlə bir-birinə təbrik ediblər.
Belə demək mümkünsə, Azərbaycan-Serbiya əlaqələrinin inkişafında yeni mərhələ başlayır. Çünki Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılması enerji təhlükəsizliyi sahəsində əlaləqələri daha da gücləndirəcək. Bu da gələcək əlavə addımların atılmasına, digər sahələrdə də münasibətlərin yaranmasına geniş imkan yaradacaq. Belə ki, Bakıda və Belqradda bir neçə dəfə Azərbaycan-Serbiya biznes forumları keçirilib. Bu biznes forumlarda hər iki ölkənin hökumət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, enerji, əczaçılıq, neft və kimya, tikinti, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi iki ölkələrimiz arasında iqtisadi əlaqələrin güclənməsinə, ticarət dövriyəsinin də həcminin artmasına öz təsirini göstərəcək. Buna əsasən demək olar ki, iki ölkə arasında münasibətlər yaxın gələcəkdə daha da inkişaf edəcək.
Rüstəmova Aybəniz Vilayət qızı,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent