Məlum olduğu kimi, 30 illik işğal dövründə Ermənistanın BMT qətnamələrinə məhəl qoymaması, eyni zamanda, beynəlxalq hüquqa hörmətsizlik etməsi, danışıqlara imitasiya naminə qatılaraq yeni ərazilər uğrunda müharibə planı hazırlaması, sonda 44 günlük Vətən müharibəsinin baş verməsinə səbəb oldu. Şübhəsiz ki, Ermənistan rəhbərliyi və onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər müharibəyə də ehtiyac olmazdı. Azərbaycan dövləti uzun illər ərzində səbr və aparılan danışıqlara sadiqlik göstərirdi, lakin bütün bunların əksin olaraq işğalçı dövlət belə hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər. Hər zaman ölkə Prezidenti, cənab İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq və bu işğala son qoyulmalıdır. Təəssüflər olsun ki, bütün çağırışlar cavabsız qaldı və nəhayət Azərbaycan döyüş meydanında nəyə qadir olduğunu göstərdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günə Ermənistan ordusunu tamamilə darmadağın etdi. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bununla da, ermənilərin illərlə yaratdığı mif aradan qaldırıldı. Daha sonra, Ermənistan postmüharibə dövründə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif bəhanələrə əl atdı. Davamlı olan hərbi təxribatlar yenə də əksər dünya güclərini düşündürmədi. Təkcə, 2023-cü ilin sentyabr ayının 19-da bir günlük lokal antiterror tədbirlərinin həyata keçirilməsindən sonra, Ermənistana dəstək verən ölkələrin Azərbaycana qarşı əsassız ittihamlarını və təzyiq cəhdlərini yada salmaq kifayətdir. Artıq, Vətən müharibəsi və antiterror əməliyyatları arxada qaldı. Həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması, ətrafımızda gərginliyin artması, həm də, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.
Bu arada, Qərbin, ələlxüsus da ABŞ-ın ölkəmizə qarşı 30 il əvvəl olduğu kimi, yenə də davam edən qərəzli və əsassız münasibəti haqda fikirləri xüsusi diqqət çəkdi. Amerikanın ən mühüm dövlət təsisatının üzvləri Vaşinqtonun insanlıq əleyhinə hərəkətlərini, İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr nəticəsində milyonlarla dinc insanın həlak olmasına səbəb olduğunu, insanları işgəncəyə məruz qoyduğunu nədənsə unudur. Amerikanın bu cinayətləri sanki Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımı ilə eyniyyət təşkil edir və ABŞ Konqresində hazırlanan sənədlərin ruhunda da eyni oxşarlıqlar var. Konqresdə Cənubi Qafqazda sülhün deyil, gərginliyin davam etməsində maraqlı olan qüvvələr beynəlxalq hüquqa zidd olaraq işğalçı Ermənistanın separatizmini dəstəkləyən mövqe sərgiləyirlər. Çox təəssüf ki, Konqresin bu açıq ermənipərəst və Azərbaycana qarşı nifrət təşviq edən mövqeyi Dövlət Departamenti səviyyəsində dəstəklənir. Məlum müraciətin üslubu və məzmunu da ABŞ Dövlət Departamentində tərtib edildiyinə işarə edir. Ötən 30 ildə erməni faşizmi Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi darmadağın edərək talayanda, maddi-mənəvi sərvətlərimizi oğurlayanda, tarixi irsimizi məhv edərək vandallıq aktları törədəndə Amerika və Qərb ölkələri bu acı gerçəkliyi görmək istəmədi, Ermənistanın insanlıq əleyhinə cinayətlərinə göz yumdu. Azərbaycan dövləti erməni terrorizminin kökünü kəsdikdən və regionda sabitlik yaratdıqdan sonra beynəlxalq birliyi erməni vandalizminin vəhşiliyinə məruz qalmış cinayətləri, maddi-mənəvi sərvətlərimizin talan olunması reallıqları yerindəcə görmək üçün dəfələrlə azad ərazilərimizə dəvət edib, ancaq hələ də, bu müraciətlərə adekvat cavab verilməyib. Səbəb isə, təbii ki, bölgəyə gəldikləri zaman, Ermənistanın insanlıq əleyhinə cinayətlərini, tarixi irsə qarşı soyqırımını gözləri ilə görəcəkləri faktıdır. Rəsmi Vaşinqtonun siyasətində diqqət çəkən əsas məqamlardan biri də, “COP29” məqamı ilə bağlıdır. ABŞ Azərbaycana qarşı bu qərəzli davranışlarını “COP29”la bağlayaraq demokratiya və insan haqları kimi fundamental dəyərləri şantaj və siyasi alət kimi istifadəyə etməyə çalışır. Beynəlxalq hüququn işləmədiyi, dünyada ayrı-seçkiliyin dərinləşdiyi müasir geosiyasi mühitdə Amerikanın bu riyakarlığı anlaşılandır. Azərbaycan regionun əbədi təhlükəsizliyi, sabitliyi üçün dayanıqlı sülhü təmin edən sazişin imzalanmasını tələb edir, Ermənistanın Qərb masasında hazırlanmış yarımçıq sülh və ya sülh naminə sülh sazişi imzalamaq istəmir. Ölkəmizin yürütdüyü müstəqil siyasət, qəbul etdiyi prinsipial qərarlar dövlətimizin milli mənafeyinə və müstəqil dövlətçilik arxitekturasına söykənir…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi