Sirr deyil ki, Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Dünyada və xüsusən də, regionda geosiyasi vəziyyətin mürəkkəbləşməsi Azərbaycan üçün Qarabağ ətrafında başlanan təlatümlü hadisələrlə, uzun illər ərzində Ermənistanın Vətənimizin bu tarixi ərazisinə olan əsassız iddialarının baş qaldırması ilə müşayiət olunmuşdur. Xarici himayədarlarının dəstəyinə arxalanan və bölgədə yaranmış qarışıqlıqdan istifadə edən Ermənistan illərdir hazırladığı məkrli planlarını həyata keçirmək üçün Azərbaycana qarşı hərbi təcavüz aktını həyata keçirməyə başlamışdır. Respublikamızın ərazi bütövlüyünün pozulması ilə nəticələnən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz torpaqlarının 20 faizini itirmək məcburiyyətində qaldı, 1 milyona yaxın vətəndaşımız doğma yurd-yuvasından didərgin düşdü. Orduda maddi-texniki təchizatın aşağı olmasına, vahid rəhbərliyin olmamasına rəğmən bu savaşda Vətənimizin igid övladları Azərbaycanın suverenliyi naminə son damla qanına kimi vuruşaraq torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmişlər. Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilən, kütləvi qətliam və soyqırımlarla qan yaddaşımıza həkk olunan bu müharibədə ərazilərimizin itirilməsinə xarici təzyiqlərlə bərabər Azərbaycanın o vaxtkı siyasi rəhbərliyinin səriştəsizliyi, ölkəni idarə edə bilmək qabiliyyətində və bacarığında olmaması, yalnız şəxsi mənafeləri güdərək hakimiyyəti öz əlində saxlamağı məqsəd kimi görməsi də şərait yaratmışdır. 1991-1993-cü illər ərzində respublikada cərəyan edən xaos, anarxiya və hökm sürən siyasi böhran ölkəni vətəndaş müharibəsi və yenicə qazanılan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuş, Azərbaycanın milli təhlükəsizliyi ciddi risk altına düşmüşdür. 1993-cü ilin iyun ayında xalqın təkidli, israrlı tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev özünün uzaqgörənliyi, dərin zəkası, dəmir iradəsi və liderlik keyfiyyəti sayəsində ölkəni bu ağır vəziyyətdən çıxara bildi, dövlətin təhlükəsizliyinə qarşı yönələn xarici, daxili təhdidlərin qarşısını qətiyyətlə almağa, qazanılan müstəqilliyi qoruyub saxlamağa müvəffəq oldu. Ümummilli Liderin misilsiz səyləri və gərgin əməyi ilə 1994-cü ilin may ayında təcavüzkar dövlətlə atəşkəs razılaşması əldə olunduqdan sonra ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. Qısa zaman ərzində qəbul edilən müdrik siyasi qərarlarla, gerçəkləşdirilən mühüm iqtisadi layihələrlə Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında sülh və əmin-amanlıq şəraitində davamlı inkişaf yoluna qədəm qoydu.
Ötən 30 ilə yaxın müddətdə Ermənistanın cəbhəboyu təxribatları mütəmadi xarakter almış, bu təxribatlar müəyyən dövrlərdə hərbi qulluqçularımızın və mülki əhalinin sırasından itkilərə, eyni zamanda sağlamlığa ciddi ziyan vurulmasına səbəb olmuşdur. Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprel, 2020-ci ilin iyul aylarında ordumuza qarşı Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribatların qarşısı qətiyyətlə alınmış, düşmən xeyli sayda itki verməyə məcbur olmuşdur. 2020-ci ilin avqust ayında Ermənistanın diversiya qrupunun təmas xəttini keçərək terror aktları törətmək kimi düşmənin daha bir məkrli planı iflasa uğramışdır. Son illər ərzində beynəlxalq hüquq normalarına zidd olan bu cinayətkar əməllərin törədilməsi ilə yanaşı, Ermənistan rəhbərliyinin müharibə ruhlu çıxışları, işğal altında olan ərazilərə qeyri-qanuni səfərlər etməsi, Ermənistanın hazırkı baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” deməklə provokativ çıxışlara yol verməsi və təxribat dolu bəyanatlar səsləndirməsi, bu ölkənin ozamankı müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, işğal altında olan ərazilərimizdə yerləşən separatçı quldur dəstəsinin başçısının Şuşada inaqurasiya mərasiminin və qanunsuz “parlamentin” Xankəndidən Şuşaya keçirilməsi ilə bağlı spekulyativ qərarların verilməsi və bununla da münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv mövqeyin davam etdirilməsi illərdir sürən sülh danışıqları prosesini sıfır nöqtəsinə gətirmiş oldu. Xalqımız işğalçı ölkənin baş nazirinin milli heysiyyətimizə toxunan çıxışları qarşısında “Qarabağ Azərbaycandır və Nida işarəsi” deyən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevə inanır, ordusunun gücünə və rəşadətinə güvənirdi. Beləliklə, son dönəmlərdə münaqişə bölgəsində yaradılan gərginliklərlə, atılan qıcıqlandırıcı addımlarla, rəsmi şəxslərinin səsləndirdikləri fikir və bəyanatları ilə müharibəyə hazırlaşdığı açıq-aydın sezilən Ermənistan 2020-ci il sentyabr ayının 27-də cəbhə xətti boyunca Azərbaycana qarşı genişmiqyaslı təxribat törətməklə xalqımızın 30 illik səbir kasasını daşırdı. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu dövlətimizin başçısı tərəfindən “Dəmir yumruq” adlanan əks-hücum əməliyyatına – Vətən müharibəsinə başladı. Cəmi 44 gün ərzində Ali Baş Komandan, cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti, qəhrəman oğullarımızın igidliyi və şücaəti sayəsində yenilməz Azərbaycan Ordusu tarixi missiyanı uğurla başa vuraraq düşməni diz çökdürdü, 8 noyabr tarixində hər bir azərbaycanlının qürur yeri olan Şuşa şəhərini azad etməklə müharibənin məntiqi sonluğunu vurmuş oldu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Müharibə gedişatında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, dörd qəsəbə ilə yanaşı, 300-ə yaxın kənd və bir sıra strateji əhəmiyyətli yüksəklikləri düşmən tapdağından azad edən ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hərb sahəsində yeni döyüş strategiyasının əsasını qoydu. Silahlı Qüvvələrimiz sahib olduğu yeni nəsil silahları döyüş meydanında məharətlə tətbiq edərək XXI əsrin işğal altında olan torpaqların azad edilməsi uğrunda aparılan müharibə formasını bütün bəşəriyyətə nümayiş etdirdi. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi. Əbəs yerə deyil ki, hazırda dünyanın aparıcı hərbi müəssisələrində Vətən müharibəsinin aparılmasının forma və qaydaları dərindən öyrənilməkdədir. Vətən müharibəsi dövründə və sonrakı vaxtlarda ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında Ermənistanın işğalçı siyasətinin ən mötəbər beynəlxalq tədbirlərdə tutarlı şəkildə ifşa edilməsi diplomatiyamızın böyük uğurları sırasındadır. 2020-ci ilin noyabr və dekabr aylarında müəyyən növbəliklə Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarıldıqdan sonra cari ilin avqust ayının 26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi isə dövlətimizin başçısının düşmən üzərində növbəti diplomatik qələbəsi və yürütdüyü uğurlu siyasi kursun təntənəsi idi. Azərbaycanın illərdir Ermənistanın işğalı altında qalan ərazilərini azad etməsi əməliyyatına hər cür maneçilik törədilməsini qarşısına məqsəd qoymuş bir sıra xarici dairələrin müharibə dövründə hadisələri manipulyasiya cəhdləri boşa çıxdı. Döyüş meydanında gedən gərgin savaşın fonunda informasiya mübarizəsi çərçivəsində də düşmən tərəfindən ölkəmizə qarşı çirkin piar kampaniyası aparılır, Dağlıq Qarabağ münaqişəsinin alovlanması, Vətən müharibəsinin gedişatı barədə uydurma və yalan informasiyaların beynəlxalq cəmiyyətə çatdırılmasına çalışılırdı. Düşmən döyüş meydanında olduğu kimi, informasiya mübarizəsi sahəsində də uğursuzluğa düçar olmuşdur. Dövlət başçısı, cənab İlham Əliyev qalib sərkərdə olmaqla yanaşı, düşmənə qarşı informasiya müharibəsində də baş rolda çıxış edirdi. Müharibənin getdiyi dövrdə ölkə Prezidenti 30-a yaxın xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Dağlıq Qarabağ münaqişəsinin tarixi və Azərbaycanın apardığı Vətən müharibəsinin gedişi barədə həqiqətləri dünyaya bəyan edir, ona ünvanlanan bəzi təxribat xarakterli suallara yüksək diplomatik məharətlə cavab verirdi. Eyni zamanda bu müsahibələrdə ölkə Prezidenti, cənab İlham Əliyev qardaş Türkiyə Respublikasının müharibə boyu Azərbaycana verdiyi dəstəyi də xüsusilə vurğulayırdı. Təbii ki, şanlı Zəfərin əldə olunmasında qardaş Türkiyə xalqının və dövlətinin müharibənin başlandığı ilk gündən canı və qanı ilə bağlı olduğu Azərbaycana göstərdiyi siyasi, mənəvi dəstəyi xüsusi olaraq qeyd etməliyik. Türkiyə Respublikasının Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin digər rəsmi şəxslərinin Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi yolunda apardığı savaşın onun haqq işi olduğunu və dəstəyin sona qədər göstəriləcəyini bəyan edən fikirlər səsləndirmələri, həmçinin, bəyanatlar vermələri bu müqəddəs missiyanın uğurla başa çatdırılmasında mühüm rol oynamışdır. Vətən müharibəsindən sonar, hər iki dövlətin sarsılmaz birliyinin daha bir təcəssümü kimi Türkiyə ilə Azərbaycan Prezidentlərinin 2020-ci ilin dekabr ayında Bakı şəhərində, Azadlıq meydanında keçirilən Zəfər paradında birgə iştirakı da bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu bir daha göstərdi.
Ölkə Prezidenti, cənab İlham Əliyevin 3 dekabr 2020-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında “Zəfər Günü” elan etdiyi 8 noyabr tarixinin növbəti ildönümünü böyük sevinc və fəxarətlə qeyd edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan bu qələbə ilə Azərbaycan xalqı qüdrətli xalq olduğunu, Azərbaycan dövləti qalib dövlət olduğunu bütün dünyaya göstərdi.
Bildiyimiz kimi, Ermənistan işğalına son qoyulduqdan keçən bu 3 il müddətində Azərbaycanın səylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi. Üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozur, müxtəlif hərbi təxribatlarla çirkin əməllərini davam etdirməyə çalışdı. Açıqlanan son məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində 10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq hələ də qalmaqdadır. Həmçinin, xeyli sayda zirehli texnika, raket sistemləri, ağır artilleriya qurğuları həmin ərazilərdə yerləşdirilib. Niyyət isə bəllidir: hərbi təxribatları davam etdirmək, separatizmi qızışdırmaq. Son 3 ildə biz bunun dəfələrlə şahidi olmuşuq. Beləliklə, Azərbaycan dövlətinin beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq, ölkədə təhlükəsizliyi təmin etmək, ölkənin süverenliyini, konstitusiya qurluşunu bərpa etmək, həmçinin, düşmən təxribatlarına birdəfəlik son qoymaq məqsədilə, 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olundu. Məlumdur ki, əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar da yaşamışdır. Əminliklə demək olar ki, qazanmış olduğumuz bu şanlı Qələbələr, zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi, iftixar duyacağı qəhrəmanlıq salnaməsidir…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi