Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətində bəzi çevrələrin verdiyi reaksiya təəssüf doğurur. Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfərinə görə hədəfə alınması Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Qarabağ Azərbaycanın ərazisidir! Diplomatik nümayəndələrin burada səfərdə olması hansısa siyasi mesajdan daha çox, onların təmsil etdikləri dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə münasibətinin göstəricisidir.
Daha maraqlısı isə Gəncəsər və Xudavəng kimi abidələrin təqdimatı ətrafında yaradılan süni mübahisədir. Ermənistan Azərbaycan ərazisindəki bəzi abidələri öz tarixi irsi kimi təqdim etməyə çalışır, eyni zamanda indiki Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin mövcudluğunu inkar edir. Bu, tarixə seçici və birtərəfli yanaşmadır. Qafqaz Albaniyasının irsinin də bu cür inkar edilməsi tarixi faktlarla deyil, siyasi yanaşma ilə izah oluna bilər. Azərbaycan ərazisindəki tarixi və mədəni abidələr dövlət tərəfindən qorunur və onların öyrənilməsi tarixə hörmət prinsipinə əsaslanmalıdır.
Təəssüf ki, bu məsələdə Ermənistan parlamentinin spikeri Ruben Rubinyanın açıqlamaları da eyni yanaşmanı nümayiş etdirir. Sentyabrın 14-də 2022-ci il sərhəd döyüşlərində həlak olan hərbçilərin parlamentdə yad edilməsi fonunda Azərbaycana qarşı ittihamların səsləndirilməsi revanşist əhval-ruhiyyəni gücləndirməkdən başqa heç nəyə xidmət etmir.
Əgər Ermənistan həqiqətən davamlı sülh istəyirsə, keçmişin düşmənçilik ritorikasından uzaqlaşmalıdır. Azərbaycanın suverenliyini tanımaq yalnız sənədlərdə deyil, siyasi və ictimai davranışda da özünü göstərməlidir. Sülhə gedən yol tarixlə bağlı mübahisələri qızışdırmaqdan, qonşu ölkənin ərazisinə və onun diplomatik münasibətlərinə müdaxilə etməkdən deyil, qarşılıqlı hörmətdən keçir. Revanşizm isə bu yola xidmət etmir.
Milli Cəbhə Partiyası – MCP











