Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş qrant müsabiqəsinin qalibi olan “YouthMUN: Qərbi Azərbaycan üzrə diplomatik gələcək” layihəsi uğurla başa çatmışdır. Layihə gənclərin diplomatik bacarıqlarının inkişafı, beynəlxalq hüquq biliklərinin artırılması və milli mövzular üzrə qlobal baxış formalaşdırılması məqsədi daşıyıb.
Layihəyə 300-dən çox gənc qeydiyyatdan keçərək müsahibə mərhələsində iştirak etmişdir. Şəffaf və obyektiv qiymətləndirmə nəticəsində 30 motivasiyalı, təşəbbüskar və yüksək potensiala malik gənc layihədə iştirak hüququ qazanmışdır. Bu mərhələ gənclərin diplomatiyaya olan marağını və intellektual hazırlıq səviyyəsini bir daha nümayiş etdirmişdir.
Layihənin açılış mərasimində layihə rəhbəri Fatiməxanım Quliyeva çıxış edərək təşəbbüsün əsas məqsəd və vəzifələrini diqqətə çatdırmış, iştirakçıları gözləyən intensiv təlim proqramı və yekun simulyasiya konfransı haqqında ətraflı məlumat vermişdir. Çıxışda vurğulanmışdır ki, layihə yalnız nəzəri biliklərin artırılması deyil, həm də real diplomatik mühitin simulyasiyası vasitəsilə praktik bacarıqların formalaşdırılmasına xidmət edir.
Layihə çərçivəsində keçirilən üç əsas təlim proqramı iştirakçıların hərtərəfli inkişafına yönəlmişdir. Birinci təlimdə MUN (Model United Nations) simulyasiyasının formatı, əsas anlayışlar, debat qaydaları və prosedur mexanizmləri ətraflı şəkildə izah olunmuşdur. İkinci təlimdə iştirakçılar position paper hazırlanması və qətnamə layihəsinin yazılması prosesini praktiki nümunələr üzərindən öyrənmişlər. Son təlimdə isə Qərbi Azərbaycan həqiqətləri beynəlxalq hüquq kontekstində geniş müzakirə edilmiş, gənclər mövzuya hüquqi və diplomatik baxış prizmasından yanaşma imkanı əldə etmişlər.
Layihənin kulminasiya nöqtəsi MUN simulyasiya konfransı olmuşdur. İştirakçılar təmsil etdikləri ölkələrin mövqelərini beynəlxalq tribunalarda olduğu kimi əsaslandırmış, debatlar aparmış, qətnamələr irəli sürmüş və diplomatik müzakirələrdə aktiv rol almışlar. Simulyasiya gənclərin analitik düşünmə, ictimai çıxış və komanda işi bacarıqlarını aydın şəkildə ortaya qoymuşdur.
Yekunda fəallıq və yüksək performans göstəricilərinə əsasən fərqlənən iştirakçılar “Ən yaxşı debutant”, “Ən yaxşı debatçı” və “Ən yaxşı nümayəndə” nominasiyaları üzrə mükafatlandırılmışdır.
“YouthMUN: Qərbi Azərbaycan üzrə diplomatik gələcək” layihəsi bir daha göstərdi ki, savadlı, təşəbbüskar və milli maraqlara həssas gənclər Azərbaycanın diplomatik gələcəyinin etibarlı təməlidir. Layihə iştirakçıları qazandıqları bilik və təcrübə ilə gələcək beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil etməyə hazır olduqlarını nümayiş etdirdilər.













