Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Konstitusiyaya aparan irs: Xəmsə ilə Heydər Əliyevin izində” adlı layihə çərçivəsində gənclər üçün intellektual bilik yarışı təşkil olunaraq hüquqi biliklərin interaktiv və rəqabətə əsaslanan formatda aşılanmasına nail olunub.
Layihənin əsas məqsədi gənclərin Azərbaycan Respublikasının Konstitusiyası, Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz rolu və dövlətçilik fəlsəfəsi barədə biliklərini artırmaq, eyni zamanda onların vətəndaşlıq mövqeyini möhkəmləndirmək olub. Bu məqsədlə seçilmiş “Xəmsə” formatı iştirakçılara həm biliklərini sınamaq, həm də tarixi və hüquqi mövzulara fərqli prizmadan yanaşmaq imkanı yaradıb.
Layihə çərçivəsində Lerik rayonunun müxtəlif təhsil müəssisələrindən olan 14–29 yaş arası gənclərdən ibarət 8 komanda yarışa qatılıb. Yarış mərhələli şəkildə – 2 yarımfinal və final oyunları formasında keçirilib. Suallar ümumi dünyagörüş, Konstitusiya müddəaları, hüquqi terminlər və Heydər Əliyevin siyasi irsi əsasında hazırlanaraq iştirakçıların analitik düşünmə və komanda işi bacarıqlarını ön plana çıxarıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunlar gənclərin intellektual potensialını və fəallığını açıq şəkildə nümayiş etdirib.
Final mərhələsində ən güclü komandalar arasında baş tutan qarşılaşmalar böyük maraqla izlənilib.Yarışın sonunda 8 komanda işərisində “Şuşa Fatehləri” 1-ci yer, “Çiraq” 2-ci yer, “Bayraqdar” komandası isə 3-cü yeri qazanmışdır. Qalib olan komandalar diplom, kubok və medallarla təltif olunub. Tədbirin bağlanış mərasimində vurğulanıb ki, bu cür layihələr gənclərin hüquqi savadlılığının artırılması ilə yanaşı, onların milli kimlik və dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsində mühüm rol oynayır.
Layihənin davamlılığı məqsədilə iştirakçılar əsasında gələcəkdə intellektual oyunlar və maarifləndirici görüşlərin təşkili nəzərdə tutulur. “Konstitusiyaya aparan irs: Xəmsə ilə Heydər Əliyevin izində” layihəsi bir daha göstərdi ki, düzgün seçilmiş format və məqsədyönlü yanaşma gənclərin həm biliklərini, həm də vətəndaşlıq düşüncəsini inkişaf etdirmək üçün təsirli vasitədir.













