Tarixi faktlardan məlum olduğu kimi, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Belə ki, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa, həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir. Fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur. XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə, Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilmişdir. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqı tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməlidir və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir. Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilmiş, bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir. Hətta, 26 mart 2021-ci ildə tarixçilərdən ibarət “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul Komissiya” tərəfindən Fransa Prezidentinə təqdim edilmiş “Fransa, Ruanda və Tutsinin soyqırımı (1990-1994)” adlı sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanmışdır.
Üzdə özünü demokratik ölkə kimi göstərən, amma tarixi keçmişi bir sıra xalqlara qarşı cinayətlərlə, soyqırımları ilə, qırğınlarla dolu olan Fransa hökuməti bu gün də qanlı əməllərindən əl çəkmir. İşğalçılıq niyyətindən geri durmur. Paris uzun illərdən bəridir Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaq, habelə adanın yerli sakinləri olan kanakları assimilyasiya etmək üçün başqa yerlərdən minlərlə miqrantı qanunsuz yolla, məqsədli şəkildə adaya yerləşdirir. Bu çirkin addımı atmaqda Fransanın əsas məqsədi müstəqilliyi uğrunda mübarizəyə qalxmış kanakları azlığa çevirmək və miqrantların hesabına işğalın ömrünü uzatmaqdır. Makron hökuməti öz çirkin məqsədinə çatmaq üçün Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişməyə çalışır. Buna qarşı çıxanlara isə, zor tətbiq edir, qırğınlar törədir, insanları qan içində boğur. İllərdən bəridir ki, Yeni Kaledoniya xalqı Fransanın onu sıxıb əzən müstəmləkə zəncirindən azad olmaq uğrunda mübarizə aparır. Paris isə, bu haqlı istəyi bütün vasitələrlə boğur, işğalçılıq əməllərindən geri çəkilmir. Fransız Polineziyasında baş verənlər onu deməyə əsas verir ki, özünü dünyaya demokratiya, insan haqları, mədəniyyət beşiyi kimi göstərməyə çalışan Fransa, əslində, insanlığa zidd, qan-qada ilə dolu olan siyasət yürüdür. Yeni Kaledoniyada yaşayan kanak xalqı da uzun illərdir Fransanın müstəmləkəçilik siyasəti altında əzilməkdə davam edir. Təxminən 250 min əhaliyə və 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Fransa 1853-cü ildə adaya tamamilə sahiblənərək açıq şəkildə buranı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı, qatı cinayət törətmiş məhkumlarını da buraya sürgün edib. XX əsrin əvvəllərindən isə, Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Bu ərazi qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Ada sakinləri ötən əsrin 80-ci illərindən başlayaraq Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etiraza qalxıblar. Onların başlıca və yeganə məqsədləri Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaq olub. Təəssüflər olsun ki, uzun illərdən bəri aparılan gərgin mübarizəyə baxmayaraq, kanak xalqı hələ də müstəqilliyinə qovuşa bilməyib. Buna xalqları əzən, müstəqilliyini əlindən alan Paris rejimi imkan vermir. Hər vəchlə adanı əlində saxlamağa çalışır, müstəmləkəçiliyin ömrünü uzadır. Azərbaycan 30 ilə yaxın müddətdə işğalla, separatizmlə, eyni zamanda dünya birliyinin ədalətsiz mövqeyi ilə üzləşmiş bir dövlət olaraq xalqların əzilməsinə, insanların haqlarının tapdanmasına, azadlıq mücadilələrinin boğulmasına qarşı etiraz səsini qaldırıb. Bakı Təşəbbüs Qrupunun Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığa dair yaydığı bəyanatda Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqindən, təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqlardan dərin narahatlıq ifadə olunub. Bəyanatda, həmçinin, Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmağa çağırılıb. Adada yaşayan kanak xalqı ilə həmrəylik ifadə olunub. Parisin Yeni Kaledoniyada konstitusiya “islahatları” ilə bağlı aborigen icmalar tərəfindən keçirilən etiraz aksiyalarının qarşısını dünyada qəbul olunmayan qəddar üsullarla alması haqlı olaraq təəssüf və qəzəb doğurur. Müstəmləkəçilik siyasəti yürüdən Fransanın törətdiyi bu qanlı hadisələr demokratiya, insan hüquq və azadlıqlarının üstünə atılmış silinməsi mümkün olmayan qara ləkədir. Bu ləkənin bütün məsuliyyəti, bütün günahı Parisin tarixindən heç vaxt silinməyəcək. Təbii ki, Fransanın müstəmləkəsi olan Yeni Kaledoniyada, eləcə də, başqa ərazilərdə baş verən qanlı hadisələr, qırğınlar Makron hakimiyyətinin uğursuz siyasətinin nəticəsidir.
Fransanın müstəmləkəçilik siyasətinin tarixi dünənin, bu günün işi deyil. Bu çirkin, qan qoxuyan siyasətin təxminən 500 il yaşı var. Paris tarixin səhifələrinə qanla yazılmış istilalar, qırğınlar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni təsiri altına salıb. Fransa Afrikanın ərazilərinin təxminən 35 faizinə 300 il nəzarət edib. Bu istilaçı ölkə, həmin yerlərin təbii sərvətlərini talayıb, yerli sakinlərinə zülm edib. Doğrudan da, bəşəriyyətin kolonializm tarixində ən qanlı cinayətlər, məhz Fransa tərəfindən törədilib. Bu cür qan qoxulu siyasətlə Paris illərdir Afrikada, Cənub-Şərqi Asiyada, Latın Amerikasında sərvətləri talan edir, yüz minlərlə insanın haqqını tapdalayır, açıq və gizli şəkildə soyqırımları törədir. Müstəqil Azərbaycan dövləti illərdir ki, Fransa hakimiyyətinin insanlıq əleyhinə olan bütün addımlarını qınayıb və qınamaqda davam edir…
Sabit Mehdiyev, YAP Beyləqan rayon təşkilatının məsləhətçisi