Sirr deyil ki, 27 sentyabr 2020-ci il, Azərbaycan tarixində dönüş nöqtəsi kimi həkk olundu. Həmin gün, şanlı Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin əmri ilə 30 illik həsrətə son qoyan əks-hücum əməliyyatına başladı və torpaqlarımız düşmən daptağından azad edildi. Nəticədə, uzun illərdən sonra əsl müstəqilliyimizə, ərazi bütövlüyümüzün bərpasına nail olduq. Beləliklə də, Şanlı Azərbaycan Ordusu, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə qalibiyyət salnaməsi yazdı. Bu şanlı tarix xalqın mənəvi birliyi, Ordumuzun qüdrəti, ölkə Prezidenti, cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılıb və Azərbaycanın ən şərəfli dövrünün başlanğıcı hesab olunur. Bu gün, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaqdır. Müstəqil Azərbaycan dövləti problemi hərbi yolla həll etdi və Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi, artıq mövcud deyil və bu məsələ öz doğru həllini tapıb. Bu möhtəşəm Qələbə nəticəsində, Şəhidlərin qisası alındı və onların qanı yerdə qalmadı. Müstəqil dövlətimiz tərəfindən Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülmüş və bundan sonra da görüləcəkdir. Məlum olduğu kimi, 2020-ci il dekabr ayının 2-də ölkə Prezidenti, cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabr ayının 27-si Azərbaycanda “Anım Günü” kimi təsis edilmişdir. Təbii ki, biz Şəhidlərimizi öz qəlbimizdə əbədi olaraq saxlayacağıq. Onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. 44 gün ərzində bizə ən böyük dəstək verən ölkə qardaş Türkiyə olmuşdur. Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi də, 44 gün ərzində tarixi Vətəni ilə bir döyünürdü. Bütün digər ölkələr ki, bizə siyasi dəstək göstərdilər, biz onlara da minnətdarıq. Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlılar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər. Müzəffər Ordumuz hər gün irəli gedir, hər gün qələbə qazanırdı. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Sözsüz ki, Şəhidlərimizlə, qazilərimizlə, Vətən müharibəsində şücaət göstərmiş hərbçilərimizlə, əsgər və zabitlərimizlə fəxr etməklə bərabər, onların qəhrəmanlığını da heç zaman unutmayacağıq. Baxmayaraq ki, mənfur düşmənin əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, düşmən ordusu geri getməyə məcbur olmuşdur. Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrində 44 günlük Vətən müharibəsi zamanı bir nəfər də olsun fərari olmamışdır. 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir. Biz, Qələbəni döyüş meydanında qazandıq. Vədlərinə sadiq qalan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti, cənab İlham Əliyev: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik.”
Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Şəhər və kəndlərimiz müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan istifadə edirdi, kasetli, ağ fosforlu bombalardan istifadə edirdi, ballistik raketlərdən istifadə edirdi. Azərbaycan öz Qələbəsi ilə erməni faşizminə son qoydu. Milli birlik və ümumxalq ehtiramın təcəssümü olaraq 27 sentyabr tarixində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara, həmçinin, itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti, cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Anım Günü”nə həsr olunmuş yürüş təşkil edilmişdir. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, Şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış hərbçilərimizə can sağlığı arzulayır, həmçinin, ölkəmizin ərazi bütövlüyü yolunda özünü fəda etmiş əsgər və zabitlərimizə – bütün Şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, onların müqəddəs ruhu qarşısında böyük ehtiramla baş əyirik…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi