Faktiki olaraq, bir neçə ildir ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Hal-hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı durmadan artmaqdadır. Bu da öz növbəsində Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolundan xəbər verir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlara və dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrin miqyası artır. Bu gün, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bütün sahələrdə uğurla inkişaf edir. Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra – təbii qazla bağlı Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi də Azərbaycanı, məhz etibarlı tərəfdaş adlandırır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsinə və uğurlu sonluqla başa çatdırılmasına geniş yol açır. Əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirdi, çoxtərəfli əlaqələrin qurulması üçün imkanlar yarandı. Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu isə, öz növbəsində 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması özündə ölkəmizin bu gününə və gələcəyinə olan inamı əks etdirir. Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirdikdə də bu məqam özünü qabarıq şəkildə büruzə verir ki, münasibətlər strateji tərəfdaşlıqdan etibarlı tərəfdaşa doğru inkişaf edir. Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, bu beynəlxalq təşkilatın üzvü olan ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi göz qabağındadır. Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın qaz, həmçinin, elektrik enerjisi ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır. Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin – TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Bu günümüzün reallıqlarından da göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Ölkəmizlə qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. O da məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan dövlətlərin üçdəbiri arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan və nəzərdə tutulduğu vaxtda icrası başa çatan Cənub Qaz Dəhlizi layihəsində yeddi ölkə iştirak etdi – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Növbəti mərhələdə üç Balkan ölkəsinin – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun tərəfdaşlar kimi bu layihəyə qoşulacağına əminlik ifadə edilir. Ölkə Azərbaycan ixrac imkanlarını genişləndirmək istəyir. Avropada Azərbaycan qazına tələbat var. Avropa bazarı ölkəmiz üçün ən əlverişli bazardır. Bu gün, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinə dəstəyini gücləndirir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Ölkəmizlə Avropa İttifaqı arasında enerji dialoquna başlanması da bunun təsdiqidir. Azərbaycanın dünyanın enerji bazarında yerinin, mövqeyinin möhkəmlənməsini tərəfdaş ölkələrin rəsmiləri də böyük məmnuniyyətlə etiraf edirlər. Ölkəmizin dünya enerji bazarında hasilatçı, tranzit ölkə kimi tanınması, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun artması göstərir ki, Xəzər dənizindən hasil olunan enerji ehtiyatları gələcəkdə də Avropa istehlakçıları üçün yeganə mənbə olacaq. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi sahəsində çox önəmli, əvəzolunmaz layihədir. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı Avropa üçün daha da yaxın edəcəkdir.
Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda əməkdaşlığımızın çoxşaxəli mahiyyəti özünü aydın şəkildə büruzə verir. Azərbaycan yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində səylərini daha da artırır. Ölkəmizin bu mövqeyinə dəstək göz önündədir. Dünya gücləri Azərbaycanın sülh gündəliyini dəstəkləməklə regionda dayanıqlı sülhün, təhlükəsizliyin və sabitliyin təminatında maraqlı olduqlarını bildirirlər. Yeni əməkdaşlıq formatları əlaqələrin yeni istiqamətlər üzrə inkişafına öz müsbət təsirini göstərəcəkdir. Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsi siyasi mövqeyinin möhkəmlənməsində də öz sözünü deyir. Hər dövrün öz tələbi, çağırışı vardır. Hazırkı dövrün mühüm çağırışları sırasında bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması xüsusi yer tutur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji potensialı böyükdür. Bu, gələcəkdə əməkdaşlığın daha da möhkəmlənməsində stimulverici amil olacaqdır. Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yeni istiqamətlər üzrə inkişafında özünü aydın şəkildə nümayiş etdirir.
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi