Azərbaycan Respublikasının çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir. Son illərdə dünyada, xüsusilə regionda yaşanan proseslər ölkələrdən daha sıx əməkdaşlıq etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu dinamika Azərbaycanın xarici siyasətində açıq şəkildə hiss olunur. Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ötən il dövlətlərimiz arasında ali səfərlər baxımından olduqca məhsuldar il olub. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Dövlətimizin başçısı 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri edib. Prezident İlham Əliyev ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub.
Mayın 22-23-də Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana növbəti dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açır. Əsas məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək olan bu səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Tacikistanın Prezidenti Emoməli Rəhmonun təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər müzakirə edildi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək və iki dövlət üçün əhəmiyyətli olan sənədlər imzalandı.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşdə deyib ki, “Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq”.
Vurğulanıb ki, Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır.
Bütün bunlar bir daha göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcəkdir.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri