Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun respublikamıza dövlət səfəri çərçivəsində vacib olan bir sıra məsələlər geniş müzakirə olundu.
Qarşılıqlı fəaliyyətin perspektivləri barədə söhbət edildi. Xüsusən də sənaye və kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulandı. Müzakirə olunan məsələlər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə töhfə verəcəyi şübhəsizdir.
Belarus ilə Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur. Gələcəkdə iki ölkənin əməkdaşlığının yeni istiqamətlərini görəcəyik. Belə ki, işğaldan azad edilmiş ərazilərimizin bərpasında da Belarus şirkətlərinin, müəssisələrinin fəal iştirakı gözləniləndi. “Belarus Prezidentinin işğaldan azad edilmiş Füzuliyə və Şuşaya səfəri, bu ərazilərin bərpasında Belarus Respublikasının da iştirak etmək istəyi də bundan xəbər verir.
Dövlət başçılarının geniş tərkibdə keçirdikləri görüşlərin gedişində hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri və ümumiyyətlə, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bir çox məsələlər geniş şəkildə müzakirə olundu.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun respublikamıza dövlət səfəri zamanı imzalanan mühüm sənədlər ikitərəfli münasibətlərin, əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə təkan verəcəkdir. Hər iki ölkə bu münasibətlərin inkişaf etdirilməsi və daha geniş sahələri əhatə etməsi üçün birlikdə səy göstərəcəklər.
Milli Məclisin deputatı Ceyhun Məmmədov