Azərbaycan Qlobal Bakı Forumu üzərindən parçalanmış dünyanı yaxşılaşdırmağa çalışır
Ermənistan beynəlxalq hüquqa zidd olaraq torpaqlarımızı qeyri-qanuni işğal etmişdir. Ölkəmiz öz torpaqlarını Ermənistandan müharibə yolu ilə geri alıb. Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycan 30 ilə yaxın müddətdə “dondurulmuş” münaqişəyə son qoyub. Martın 14-də Bakıda keçirilən XI Qlobal Bakı Forumunun açılış mərasimində Prezidenti İlham Əliyev çıxşında bu haqda da danışıb: “Beynəlxalq hüququn normaları bizim tərəfimizdə idi, Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmışdı. Biz ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Bizə heç kəs kömək etmədi, biz bunu özümüz etdik”. 30 il əvvəl Azərbaycan xalqı soyqırımı təhlükəsi altında öz evindən, torpağından, vətənindən zorla qovulmuşdur. Öz evlərinə maneəsiz qayıtmaq, normal demokratik inkişafı davam etdirmək, dilini, mədəniyyətini, mənəvi irsini qoruyub saxlamaq, mülkiyyət hüquqlarını bərpa etmək, həyatını beynəlxalq hüququn norma və prinsiplərinə uyğun təşkil etmək imkanı Azərbaycan xalqının əsas və ayrılmaz hüququdur. Münaqişə nəticəsində məcburi köçkünlərin könüllü qayıtmaq hüququ beynəlxalq hüququn tanınmış normasıdır. Bu, İnsan Hüquqları üzrə Ümumi Bəyannamədə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiyada və çoxsaylı regional bəyannamələrdə təsbit edilmişdir.
Forumun açılış mərasimində qonaqlar çıxışlarında COP29 kimi mötəbər tədbirin Bakıda keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər. Bu tədbirin iqlim dəyişiklikləri ilə bağlı müzakirələrə yeni nəfəs gətirəcəyi diqqətə çatdırlıb. Prezident İlham Əliyev isə çıxışında deyib ki, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir: “Neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Artıq yaşıl keçidlə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var”. Bu gün ətraf mühit problemi müasir dövrümüzün ən aktual qlobal problemlərindən birinə çevrilib. Ətraf mühit şəraitinin pisləşməsi onun bütün komponentlərinə- su resursları və dünya okeanına, Yerin torpaq qatına və onun dibinə, bitki və heyvanat aləminə, həmçinin atmosfer və iqlimə öz mənfi təsirini göstərməkdədir. Digər tərəfdən dünyada əhalinin sayının sürətlə artması, elmi-texniki tərəqqi, müasir silahların yaradılması ətraf mühit problemlərini daha da kəskinləşdirir. İqlim dəyişikliyinin Azərbaycana da təsiri gözləniləndir. Respublikadakı ümumi ekoloji vəziyyət dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Prezident tərəfindən 2010-cu il “Ekologiya İli” elan olunmuşdur. “Ekologiya İli” çərçivəsində ətraf mühitlə bağlı problemlərin həllinə diqqət daha da artırılmışdır. COP29 çərçivəsində bu diqqətin daha da artacağına əminik. Artıq biz bunu günədlik mediada görməkdəyik. Cənab Prezidentin rəhbərliyi ilə bu məsələ ilə bağlı ötən il dekabrın 15-də xüsusi müşavirə keçirilmişdir. Bu müşavirədə COP29-la bağlı qarşıda duran vəzifərlərlə bağlı dövlət başçısı aidiyyəti qurumlara öz tövsiyə və tapşırığını vermişdir. Artıq cənab Prezidentin müvafiq sərəncamı ilə COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Prezident İlham Əliyevin sözlərinə görə, COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər: “Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq”.
Artıq Qlobal Bakı Forumu dünyanın ən tanınmış qlobal platformalardan birinə çevrilib. Çünki burada ən yaxşı beyin mərkəzləri bir araya gətirilir. Onu da deyək ki, bu dəfə “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
11 ildə Bakı forumları beynəlxalq aləmə qlobal çağırışlar edib. Forumun toplantılarında tam əməkdaşlıq edilib. Burada dünyanı narahat edən ümumi məsələlər birlikdə müzakirə edilib. Bölünmüş dünyanın çatlarını aradan qaldıra bilmək üçün yollar axtarılıb. Forum çərçivəsində debatlar çox səmimi və açıq olub. Məsələn, Forumun ikinci günün sonuncu panelinin iclası “Regional hərbi və iqtisadi ittifaqların rolu” mövzsuna həsr olunub. Bu iclasda süni intellektin bəşəriyyət üçün təhdidlər törədəcəyinə dair fikirlər diqqət çəkib. Müzakirələrdə qlobal idarəetmənin süni zəkaya həvalə edilməsinə qarşı çıxanlar da olub. Göründüyü kimi, Azərbaycan bu Forum üzərindən parçalanmış dünyanı yaxşılaşdırmağa çalışır. Bir araya gəlməkdə məqsəd çıxış yolunu tapmaqdır. Bunun üçün də reall addımlar atılmalı, qlobal tələblərə uyğun iş görülməlidir. Bunun üçün Azərbaycan daima xoş məram və niyyətini nümayiş etdirib.
Rüstəmova Aybəniz Vilayət qızı,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent