Məlum olduğu kimi, Sovet İttifaqının süquta uğraması, müasir dünya düzəninin formalaşmağa, beynəlxalq arenada yeni münasibətlərin təşəkkül tapmağa başladığı bir dövrdə Azərbaycan öz tarixinin mühüm və taleyüklü mərhələsinə qədəm qoydu. Təkbaşına mübarizə aparmaq məcburiyyətində qalmış xalqımız ağır sınaqları arxada qoyaraq aydın gələcəyə doğru inamla addımlamağı bacardı. Baş verənlərə bu gün yaranmış reallıqlar prizmasından nəzər saldıqda, Azərbaycanı ağır böhrandan sabit və etibarlı bir dövlət kimi çıxaran geosiyasi, sosial, iqtisadi, hərbi amillərin uzun bir siyahısını tərtib etmək mümkündür. Azərbaycanın bugünkü inkişaf mərhələsinə çıxmasını şərtləndirən əsas amil tarixin həlledici məqamında ölkədə, dünyada baş verən mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi və bu prosesləri milli mənafelərin tələb etdiyi aydın bir istiqamətə yönəltməyi bacaran siyasi liderin mövcudluğu olub. 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı hazırkı yerinin müqayisəsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını və xalqımızın təhtəlşüurunda özünə dərin iz buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır. Ötən əsrin sonlarında dünyanın müxtəlif nöqtələrində bir çox xalqların taleyini və tarixini dəyişdi. Bu proses indi də davam edir. Yəqin ki, böyük dövlətlərin iqtisadi-siyasi maraqları durduqca, bu prosesin xarakterini və məzmununu dəyişmək mümkün olmayacaq. Buna görə də, qlobal liderlik uğrunda gedən mübarizənin mümkün nəticələrini proqnozlaşdıraraq öz dövlətinin beynəlxalq münasibətlər zəncirinin təhlükəsiz, eyni zamanda, təsirli həlqələrindən birinə çevrilməsini təmin etmək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli dövlətçilik tarixində müstəsna xidmətidir. Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olmasıdır. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi və SSRİ-nin süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq oldu. Heydər Əliyevin siyasi müdrikliyi ona beynəlxalq münasibətlər sisteminin institusional əsaslarının sarsıldığını görməyə, beynəlxalq arbitr kimi dünya nizamını qorumaq missiyasını üzərinə götürmüş müxtəlif təşkilatların öz funksionallığını itirdiyini dəqiq müəyyən etməyə və dünyanın gündəmini diktə edən güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa imkan verdi. SSRİ-nin dağılmasından sonra yaranan dövlətlərdən Azərbaycanı fərqləndirən, yalnız özünəməxsus tarixi ənənələri, keçmişi deyil, həm də, qarşılaşdığı çağırışların, üzləşdiyi problemlərin mürəkkəb xarakteri oldu. Azərbaycanı tarixin bəlkə də ən həlledici mərhələsində ağır böhrandan qurtaran Ümummilli Liderin bünövrədən qurmağa başladığı müstəqil Azərbaycan postsovet məkanında münaqişə və müharibələrin adi həyat normasına çevrildiyi, qeyri-müəyyənliyin ictimai təfəkkürdə reallıq kimi qəbul olunduğu, keçmişlə bütün bağların qopduğu, gələcəyə aparan körpülərin hələ qurulmadığı bir dövrdə dünyanın siyasi səhnəsinə inamla çıxdı. Bu mürəkkəb, taleyüklü məsələlərin həlli üçün təqdim olunan inkişaf strategiyası, ilk növbədə, digər güclərin iradəsindən asılı olmayan, yalnız milli maraqları rəhbər tutan müstəqil siyasətin həyata keçirilməsini, ölkədə separatçılığın, mərkəzdənqaçma meyillərinin qarşısının alınmasını, sabitliyin, təhlükəsizlik mühitinin bərqərar edilməsini, institusional islahatların həyata keçirilməsi yolu ilə müasir dövlət idarəçiliyinin və mütərəqqi ictimai münasibətlərin formalaşdırılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu və etibarlı əlaqələrin qurulmasını, mühüm enerji layihələrinin reallaşdırılması, iqtisadi inkişaf üçün zəruri resursların əldə edilməsini, cəmiyyətin müxtəlif sosial təbəqələri arasında azərbaycançılıq ideologiyasına əsaslanan sıx birliyin təminatını, son nəticədə ölkənin ərazi bütövlüyünün bərpa olunmasını nəzərdə tuturdu. Ulu Öndərin milli ideyaya, milli-mənəvi dəyərlərə dərin bağlılığı, irəli sürdüyü təşəbbüslərin, ideya və təkliflərin, xarici siyasətdə çevik, bir çox hallarda heç də hamının dərhal anlaya bilmədiyi uzaqgörən addımlarının ölkənin milli maraqlarına xidmət etməsinə olan sarsılmaz ictimai etimad Azərbaycanın qurtuluşunun siyasi-fəlsəfi mahiyyətini təşkil edən mühüm amildir. Müstəqilliyin ilk illərində parçalanmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı bu fəlakətdən, yalnız Heydər Əliyevin qurtara biləcəyini təkcə onun tərəfdarları deyil, rəqibləri də yaxşı anlayırdı. Ölkədə vətəndaş müharibəsi həddinə çatmış silahlı qarşıdurma cəhdlərinə, məhz güclü siyasi xadim, praqmatik lider, müdrik dövlət adamı kimi Heydər Əliyevin titanik səyləri nəticəsində qısa müddətdə son qoyuldu, siyasi mübarizə küçə və meydanlardan parlamentə, seçki platformasına transformasiya olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. Məhz Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. Birqütblü dünyaya sürətli keçidin ciddi böhran, bir çox hallarda fəlakətlər yaratdığı çətin və qeyri-müəyyən tarixi mərhələdə Azərbaycan özünün Şərq və Qərb arasında körpü funksiyasını bərpa edə bildi. 1994-cü ildə “Əsrin müqaviləsi” və sonrakı dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi qlobal əhəmiyyət kəsb edən enerji layihələri həyata vəsiqə qazandı. Bu, əlbəttə, Heydər Əliyev siyasi dühasının nəinki Azərbaycan və Cənubi Qafqazın, eyni zamanda, Avropanın təhlükəsizliyinə tarixi töhfəsi kimi qiymətləndirilir. 1995-ci ildə Azərbaycanın yeni Konstitusiyası qəbul olunduqdan sonra cəmiyyət həyatının bütün sahələrində köklü islahatların reallaşdırılmasına başlandı, ölkədə çoxpartiyalı siyasi sistem formalaşdırıldı, fikir plüralizmi, söz və məlumat azadlığı təmin edildi. Azərbaycanda bazar iqtisadiyyatı quruculuğu istiqamətində mühüm addımlar atıldı, neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin gələcək inkişafının beynəlxalq zəmanəti və maddi resursları təmin olundu. Ulu Öndər Heydər Əliyevin tariximizdə son dərəcə böyük dəyər kəsb edən xidmətlərindən biri də onun, yalnız milli inkişaf strategiyasını həyata keçirməklə kifayətlənməməsi idi, çünki qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün mövcud siyasi kurs davam etdirilməli və bu mənada siyasi-ideoloji varislik qorunub saxlanılmalıydı. Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, bir çox hallarda uğurla inkişaf edən ölkələr, məhz mövcud siyasi kursun dəyişdirilməsi nəticəsində tarixi nailiyyətləri əldən vermişdilər. Milli inkişaf xətti ilə ardıcıl, dinamik surətdə irəliləyən Azərbaycanın qarşısında isə, güclü dövlət quruculuğunun tamamlanması və keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün bərpa olunması kimi mürəkkəb məsələlər dayanırdı. Cənab İlham Əliyevin xalqın böyük etimadını və dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi 2003-cü ildən sonrakı dövrdə ölkəmizlə bağlı öz mənafelərinə uyğun planlar quran bəzi daxili və xarici qüvvələrin ssenarilərinin üstündən xətt çəkdi. Məhz siyasi-ideoloji varislik ölkə Prezidenti, cənab İlham Əliyevə Ulu Öndərin milli dövlət quruculuğu strategiyasını çağdaş dövrün yeni reallıqlarından qaynaqlanan, qloballaşan dünyanın mürəkkəb iqtisadi və siyasi şərtlərini nəzərə alan, çoxqütblü nizama keçidin özü ilə gətirdiyi mənfi təzahürləri neytrallaşdırmağa əsas verən ideyalarla zənginləşdirməyə, müstəqil, düşünülmüş, prinsipial siyasət yürütməyə imkan yaratdı. Ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi strategiya nəticəsində Azərbaycan qısa müddətdə yüksək nailiyyətlərə imza atdı. Konkret proqramlar əsasında həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri paytaxt Bakının və bölgələrin simasını tamamilə yeniləşdirdi, regionlarla mərkəz arasında fərq kəskin şəkildə azaldı, ölkədə bütün sahələri əhatə edən nəhəng infrastruktur layihələri reallaşdırıldı. Azərbaycanın enerji təhlükəsizliyi təmin edildi, dövlətimizin başçısı tərəfindən ərzaq təhlükəsizliyi məsələsinin həlli prioritet vəzifələrdən biri kimi müəyyənləşdirildi, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin reallaşdırılmasına başlandı. 2013-cü ildən etibarən öz süni peyklərini orbitə çıxarmağa başlayan Azərbaycan dünyanın kosmik klubunun azsaylı üzvlərindən birinə çevrildi. 2017-ci il sentyabr ayının 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi, neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş, yenidən tərtib olunmuş Sazişin imzalanması, bu neft yataqlarının işlənilməsinin 2050-ci ilə qədər uzadılması, “Cənub Qaz Dəhlizi” layihəsinin, eləcə də, onun TANAP, TAP kimi seqmentlərinin reallaşdırılması “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın neft strategiyasının yeni uğurları olmaqla yanaşı, ölkəmizin dünya enerji bazarında rolunu xeyli dərəcədə artırdı Avrasiyanın enerji xəritəsini dəyişdirdi.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyətə malik, eyni zamanda, bütün regionda yeni reallıqlar yaradan mühüm tarixi hadisədir. Bu, xalqımızı, dövlətçiliyimizi məhv olmaqdan xilas edərək sabit inkişaf yoluna çıxaran Ümummilli Lider Heydər Əliyevin güclü, müstəqil, suveren Azərbaycan naminə başladığı və ölkə Prezidenti, cənab İlham Əliyevin müvəffəqiyyətlə başa çatdırdığı milli inkişafımızın taleyüklü, şanlı bir mərhələsidir. 2020-ci il noyabr ayının 8-də Qarabağın tacı olan Şuşanın azad edilməsi ilə bağlı xalqa müjdəsini çatdıran cənab Prezident İlham Əliyev fikirlərini belə ifadə etmişdi: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Ölkə Prezidenti, cənab İlham Əliyevin bu sözləri ata vəsiyyətinin yerinə yetirilməsi ilə yanaşı, həm də, Heydər Əliyevin əsasını qoyduğu, sonrakı dövrdə davam etdirilən müdrik siyasətin, milli dövlət quruculuğu və müasir inkişaf strategiyasının təntənəsi kimi anlaşılmalıdır. “Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ulu Öndər Heydər Əliyevin qurduğu müasir milli dövlətimiz indi özünün yeni inkişaf mərhələsini yaşayır. Mürəkkəb və ziddiyyətli geosiyasi proseslərin sürətlə cərəyan etdiyi, qarşıdurmaların və münaqişələrin kəskinləşdiyi dünyada indi ölkəmiz üstün mövqeyə, qalib dövlət nüfuzuna sahibdir. Öz iqtisadi qüdrətinə arxalanan Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini uğurla davam etdirir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa başda olmaqla, bütün ərazilərimiz mədəni-tarixi irsimiz qorunmaqla, müasir infrastruktur yaradılmaqla tezliklə regionumuz cənnət guşələrindən birinə çevriləcək və dayanıqlı məskunlaşma təmin ediləcək. Həyata keçirilən layihələr bu əraziləri yaxın müddətdə sülh və əməkdaşlıq bölgəsi kimi dünyaya tanıtdıracaqdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideyası özündə real müstəqillik, suverenlik, milli-mənəvi dəyərlərə bağlılıq və müasir inkişaf kimi vacib prinsipləri üzvi şəkildə birləşdirdi. Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvü, dünya azərbaycanlıları üçün ideoloji bünövrə, onları vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə və ümumi məqsəd uğrunda səfərbər edən qürur mənbəyimizdir. Buna görə də əminliklə demək olar ki, hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də, xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Ulu Öndər Heydər Əliyev demişdi: “Biz, bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir”.
Bu, gün Azərbaycanın ərazi bütövlüyü, Şuşada qürurla dalğalanan üçrəngli müqəddəs bayrağımız və müstəqil dövlətimiz naminə illərlə apardığımız mücadilənin qürur doğuran bəhrəsi və məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin ətrafında sıx birləşərək müstəqil dövlətimizi qorumaq, yaşatmaq, daha da inkişaf etdirmək bizim ən əsas vəzifəmiz və vətəndaşlıq borcumuzdur…
Sabit Mehdiyev,
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının məsləhətçisi