Prezident İlham Əliyev türk dövlətilərinin birliyi yolunda əzmkar fəaliyyətini davam etdirir
Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəalıq göstərib. Bu baxımdan dövlətimiz türk dünyasında aparıcı rol oynayır və təşəbbüskarılğı ilə seçilir. Prezident İlham Əliyevin istəyi Türk Dövlətləri Təşkilatının daha vacib beynəlxalq oyunçuya çevirilməsi və hər bir dövlətin bundan faydalana bilməsidir. Belə olduğu təqdirdə Türk Dövlətləri Təşkilatının gələcəkdə daha da güclənəcəyinə əminlik yaranır. Prezident İlham Əliyevin 3 noyabr tarixində Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə çıxışında dediyi kimi, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. “Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir”, – deyə dövlətimizin başçıs əlavə edib.
Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Bu gün Azərbaycanda bütövlükdə türk xalqlarına məxsus ortaq dəyərlər, müsbət ənənələr qorunur. Türk dövlətlərinin vahid məqsəd və ideyalar ətrafında konsolidasiyasını gerçəkləşdirmək üçün dövlətimiz əzm nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyevin türkdilli xalqların qədim tarixi keçmişinin, milli-mənəvi dəyərlər sisteminin müdafiəsində hər zaman mətinliklə dayanmışdır. Hazırda ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin fəaliyyəti bu baxımdan xüsusilə diqqət çəkir. Cənab Prezident bu gün bütövlükdə türk dövlətlərinin vahid məqsəd və ideyalar ətrafında birləşdirməyə çalışır. Bunu türk dövlətlərinin əlaqələrinin səmimiyyət dərəcəsini əks etdirən statistikasından da görmək olur. Son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Dövlət başçısının bu səfərlərdə irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar Azərbaycanı türk dünyasının əməkdaşlıq mərkəzlərindən birinə çevirib. Bütün bunlar Prezident İlham Əliyevin türk dövlətilərinin birliyi yolunda əzmkar fəaliyyət göstərdiyinin əyani təsdiqidir.
Prezident İlham Əliyev Astanada Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə çıxışında işğaldan azad olunan torpaqlarımız, ərazi bötüvlüyümüzün bərpa olunması məsələsinə də toxunub: “2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi”. Yeri gəlmişkən, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq qonaqları salamladıqdan sonra Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edərək deyib: “Hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmləndirilməsi münasibətilə təbrik edirəm. Ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Zirvə görüşündəki çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən danışıb. “Tarixi ədalət zəfər çaldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük Zəfər – ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm”, – deyə Özbəkistan Prezidenti vurğulayıb.
Türk dünyasının birliyi ideyasının reallaşdırılmasına xidmət edən daha konkret addımların atılmasına ehtiyac var. Zirvə görüşlərinin keçirilməsi türk dövlətlərinin birgə fəaliyyətinin daha da konkretləşdirilməsi və sistemləşdirilməsi, işlək mexanizmlərin hazırlanması üçün önəmlidir. Bu baxımdan Astana zirvə görüşü də mühüm əhəmiyyət daşıyır.
Qasımov Səyavuş Kamran oğlu,
Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent