Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter almış və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din, ortaq folklor Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir.
Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Hələ 1918-ci ildə Azərbaycanın ən ağrılı günlərində Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını daşnakların caynağından xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana – Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə Türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.
Ümumiyyətlə, beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Turkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlmişdir.
Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir
Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərmişdir. O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynamışdır. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.
Vətən Müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaq.
2021-ci il iyunun 15-də ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi Türkiyə ilə qardaşlıq münasibətlərimizin daha da güclənməsinə imkan yaratdı, ölkələrimiz arasında olan münasibətlərin inkişafında yeni səhifə açdı.
Bu tarixi bəyannamə ilə iki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, iqtisadiyyat və digər önəmli sahələrdə yeni müttəfiqlik əlaqələri yaradıldı.
Bəyannamənin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri yeni müstəviyə qaldırmaq idi.
Həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinə xüsusi önəm verir. Rusiyanın da bu layihənin həyata keçirilməsində xüsusi marağı var. Bu layihənin həyata keçirilməsi bötövlükdə regionda təhlükəsizliyin təmin olunmasına, sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfələr verəcək. Həmçinin Azərbaycanı loqistika mərkəzinə çevirmək üçün yeni imkanlar yaradacaq. Artıq proses sürətlə gedir və bu layihələrin qarşısını heç kim ala bilməz. Bunu Ermənistan tərəfi də ciddi nəzərə almalıdır. Populist və revanşist bəyanatlar Ermənistanı daha da uçuruma aparacaq. İqtisadiyyatının çöküşünə, siyasi böhranın daha da dərinləşməsinə səbəb olacaq. Bunu gec olmadan ermənilər anlamalıdırlar. Əks halda region dövlətlərinin hər birini yüksəlişə aparacaq bu proseslərin kənarında qalaraq məhv olacaqlar.
Əminik ki,Türkiyə Prezidentinin Azərbaycan son səfəri dərin kökləri olan və xoşbəxt gələcəyə hesablanmış Azərbaycan-Türkiyə münasibətlərinin, dostluğumuz və qardaşlığımızın bu gündən sonra da yüksələn xətt üzrə inkişafına ciddi töhfə verəcək. Azərbaycan Türkiyə münasibətləri əbədi və sarsılmazdır!
Milli Məclisin deputatı Ceyhun Məmmədov