Sirr deyil ki, zəngin neft ehtiyatlarına malik Azərbaycanın bu sərvətdə marağı olan geosiyasi güclərin mümkün mübarizə meydanına çevrilməməsindən ötrü düzgün strateji qərarlar tələb olunurdu. Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü yeni neft strategiyası bu baxımdan bütün amilləri nəzərə alırdı. Bu strategiya ölkəmizin zəngin neft-qaz ehtiyatlarının qabaqcıl texnologiyanın köməyi ilə hasilatına, xarici bazarlara ixracı, satışı və əldə olunan gəlirlərin cəmiyyətin iqtisadi tərəqqisinə yönəldilməsinə imkan yaratdı. Ulu Öndərin müəllifi olduğu neft strategiyası Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsaslarını formalaşdırdı. Dünya iqtisadiyyatında enerji ehtiyatlarının istehsalçı və təchizatçılarından biri kimi Azərbaycanın yeri, rolu dəqiqləşdirilərək, onun bu sahədəki statusunun daha da inkişaf etdirilməsi üçün konkret istiqamətlər müəyyənləşdirildi. Ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsinə xarici investisiyaların cəlbi, enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün etibarlı enerji nəqli dəhlizlərinin yaradılması qarşıya məqsəd qoyuldu. 1994-cü il sentyabr ayının 20-də dünyanın qabaqcıl neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənilməsini nəzərdə tutan və tarixdə “Əsrin müqaviləsi” adını almış Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması Azərbaycanın neft-qaz sənayesinin inkişafında yeni səhifə açdı. Çox çətin, mürəkkəb bir şəraitdə imzalanmış bu saziş ölkənin iqtisadi və siyasi təhlükəsizliyinin də mühüm qarantı oldu. Tarixdə ilk dəfə olaraq, Xəzərdə beynəlxalq əməkdaşlığın əsası qoyuldu. Yeni texnologiyaların tətbiqi nəticəsində Azərbaycanın neft-qaz hasilatı artdı. Azərbaycanın neft sənayesində başlıca inkişaf əsasən nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarının işlənməsi ilə təmin olundu. İşlənmənin əvvəlindən indiyə kimi “Azəri-Çıraq-Günəşli”dən (AÇG) təxminən 500 milyon ton neft, 200 milyard kub metr qazın hasilatı da bu yataqlar blokunun əhəmiyyətindən xəbər verir. Bundan başqa regionda qısa bir müddətdə qlobal enerji və nəqliyyat dəhlizləri yaradıldı. Ulu Öndər Heydər Əliyev özünəməxsus müdrikliklə onun da fərqində idi ki, Azərbaycanın sözün əsl mənasında müstəqilliyi, öz milli sərvətlərinin sahibinə çevrilməsi, heç bir dövlətin siyasi-iqtisadi asılılığında qalmaması, kifayət qədər gərgin geopolitik regionda yerləşən ölkəmizin bütün xarici təhdidlərə rəğmən xalqımızın milli maraqlarına uyğun balanslaşdırılmış xarici siyasət kursunu qoruyub saxlaya bilməsi enerji marşrutlarının şaxələndirilməsindən keçir. Ona görə də, neft marşrutlarının alternativliyinə nail olmaq Heydər Əliyevin irəli sürdüyü neft strategiyasının əsas prioritetləri kimi nəzərə çarpırdı. Ölkə Prezidenti, cənab İlham Əliyev Ulu Öndərin neft emalı, neft-kimya, elektroenergetika sahəsində əsasını qoyduğu işləri də Azərbaycan üçün möhtəşəm nəticələrə çevirir. Neft-qaz və kimya sənayesi məhsulları üzrə Azərbaycanın idxaldan asılılığının azaldılması, respublikamızın emal məhsullarının ixracında da regionun aparıcı ölkəsinə çevrilməsi üçün neft emalı, eləcə də, neft-kimya istehsalat sahələrinin inkişafı ilə bağlı tədbirlər, layihələr həyata keçirilməkdədir. Ölkə Prezidenti, cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində elektroenergetika sahəsində də böyük nailiyyətlər əldə edilir. Ölkənin elektrik enerjisi sistemi yenidən qurulur. Elektrik enerjisinin ixracatçısı kimi Azərbaycanın mövqeyini möhkəmləndirən tədbirlər görülür. Bu, həm də, qonşu ölkələr arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir. Beləliklə, bu nailiyyətlərin hər birini diqqətlə təhlil edərkən Ulu Öndər Heydər Əliyevin qərar və təşəbbüslərinin nə qədər strateji əhəmiyyət daşıdığını, zamana geniş rakurslu baxışları əks etdirdiyini, həmçinin, Azərbaycanın uzaq milli hədəflərini özündə ehtiva etdiyini görürük. Heydər Əliyev ideyaları, məhz bu səbəbdən alternativsiz və əbədidir.
Bildiyimiz kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyində də müstəsna rol oynayır. Qoca qitə Azərbaycanla əməkdaşlığa ciddi önəm verir. Xüsusilə də, Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında vacib tərəfdaşa çevirib. Bu gün, Azərbaycan Avropanın təkcə enerji deyil, bir sıra digər sahələrdə də etibarlı partnyorudur. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi siyasət bir çox ölkələr üçün nümunədir. Dünyanın bir çox ölkələri Azərbaycanın enerji diplomatiyasından çox şey öyrənir. Azərbaycan bu sahədə meqalayihələrin uğurla icra olunduğu ölkə kimi dünya böyük nüfuza və gücə malikdir. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, Avropanın enerji xəritəsi yenidən çəkilir və bu xəritənin çəkilməsində Azərbaycan ən mühüm aktorlardan biridir…
Sabit Mehdiyev,
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının məsləhətçisi