“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşündəki çıxışı vahid makroregional məkanın formalaşmasında keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyur. Azərbaycanın bu formata tamhüquqlu üzv kimi daxil olması Mərkəzi Asiyanın beş ölkəsi – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ilə Bakı arasındakı strateji dialoqu daimi, təsisatlanmış və yetkin bir sistemə çevirir. Ölkımizin bu diplomatik və iqtisadi mexanizmdə yer alması sadəcə formal siyasi jest deyil, bütün Avrasiya qitəsindəki güclər nisbətini və iqtisadi dinamikanı köklü şəkildə dəyişən geostrateji zərurətdir.”
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, Mərkəzi Asiya regionu uzun müddət dünya okeanına birbaşa çıxışı olmayan qapalı coğrafi mövqeyin gətirdiyi çətinliklərdən əziyyət çəkib. Azərbaycanın Məşvərət Şurasına qoşulması isə Xəzər dənizi üzərindəki şərti sərhədi aradan qaldıraraq “Mərkəzi Asiya + Azərbaycan” adlanan vahid geosiyasi və geoiqtisadi məkan yaradır. Bu konsepsiya çərçivəsində Bakı Mərkəzi Asiyanın zəngin resurslarını və istehsalat potensialını Qafqaz və Qara dəniz dəhlizləri vasitəsilə Avropa və Yaxın Şərq bazarlarına bağlayan əvəzsiz bir qapı rolunu oynayır. Qlobal qeyri-müəyyənliklərin artdığı bir dövrdə altı dövlətin birgə ittifaqı təhlükəsizlik, logistika və ekologiya sahələrində vahid mövqedən cıxış etməyə imkan verir, çünki sabitlik və təhlükəsizlik bütün regionun dayanıqlı inkişafının təməl şərtidir.
K.Bayramov qeyd edib ki, tərəflər arasında dinamik şəkildə artan ticarət və iqtisadi göstəricilər seçilmiş strateji xəttin nə qədər düzgün olduğunu təsdiqləyir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əldə etdiyi ticarət dövriyyəsindəki kəskin artım qarşılıqlı investisiya axınını stimullaşdırır, birgə sənaye klasterlərinin, kənd təsərrüfatı kooperasiyalarının və emal müəssisələrinin yaradılmasına zəmin yaradır. Bu cür dərin iqtisadi inteqrasiya sadə ticarət əlaqələrindən uzunmüddətli investisiya tərəfdaşlığına keçidi təmin edərək hər iki regionun iqtisadiyyatını xarici şoklara kəskin şəkildə davamlı edir.
Deputat diqqətə çatdırıb ki, strateji inteqrasiyanın digər mühüm dayağı tranzit və nəqliyyat infrastrukturunun sürətlə təkmilləşdirilməsidir. Azərbaycan ərazisindən artıq Qazaxıstan və Türkmənistana məxsus karbohidrogen resurslarının nəqli həyata keçirilir. Eyni zamanda, Orta Dəhliz çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Mərkəzi Asiya ölkələrinin loqistika mərkəzlərinin imkanlarının genişləndirilməsi Çin ilə Avropa İttifaqı arasında yükdaşımaların müddətini əhəmiyyətli dərəcədə qısaldır və regionu Avrasiyanın alternativi olmayan əsas nəqliyyat arteriyasına çevirir.
K.Bayramov həmçinin vurğulayıb ki, əməkdaşlıq təkcə ənənəvi karbohidrogen ehtiyatlarının daşınması ilə məhdudlaşmır, yaşıl enerjiyə keçid sahəsində də genişmiqyaslı layihələri əhatə edir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə həyata keçirdiyi Yaşıl Enerji Dəhlizi layihəsi regionun bərpa olunan enerji potensialını birləşdirir. Mərkəzi Asiya və Azərbaycanda istehsal olunan günəş və külək elektrik enerjisinin Qara dənizin dibi ilə Avropaya ixracı nəzərdə tutulur ki, bu da regionu qlobal enerji keçidinin ən mühüm oyunçularından birinə çevirir.
Deputat əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında tamhüquqlu şəkildə iştirakı Avrasiya qitəsində yeni güc və iqtisadiyyat mərkəzinin formalaşması üçün möhkəm zəmin yaradır. Bu formatın təsisatlanması regional çağırışlara çevik cavab verməyə, gömrük və nəqliyyat tariflərini uyğunlaşdırmağa, eləcə də iri beynəlxalq investisiyaları cəlb etməyə imkan verir. Ümumi tarixi və mədəni kökləri üzərində qurulan bu praqmatik iqtisadi və siyasi ittifaq regionun tranzit zonadan qlobal siyasət və iqtisadiyyatın müstəqil subyektinə çevrilməsini təmin edir.











