Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Dünya Azərbaycanlıları Gənclərinin İctimai Birliyinin (DAGİB) təşkilatçılığı ilə Gəncə şəhərində gənclər və yeniyetmələr üçün “Həyat xilas et: İlkin tibbi yardım bacarıqları” adlı maarifləndirici və praktiki layihə keçirilib. Layihənin əsas məqsədi gənclərə fövqəladə hallarda, bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı həkiməqədərki ilkin tibbi yardım göstərmək bacarıqlarını aşılamaq və tibbi maarifləndirmə səviyyəsini yüksəltməkdir.
Gəncədə yerləşən 5 təhsil müəssisəsində – Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kollecində təşkil edilən tədbirlərdə tələbələr, gənc könüllülər və pedaqoji heyət iştirak edib. Tədbirlərdə Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, Müşfiq Cəfərov və YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov iştirak edərək gənclərlə görüşüblər.
Çıxış edən millət vəkilləri hər bir fərdin elementar tibbi biliklərə yiyələnməsinin cəmiyyət üçün həyati əhəmiyyət daşıdığını bildiriblər. Onlar qeyd ediblər ki, kritik anlarda doğru və vaxtında edilən ilkin tibbi müdaxilə insan həyatını xilas edə bilər. Deputatlar gənclərin bu cür sosial-humanitar yönümlü layihələrdə fəal olmasının onların mənəvi və mülki məsuliyyət hissini gücləndirdiyini diqqətə çatdırıblar.
Dünya Azərbaycanlıları Gənclərinin İctimai Birliyinin baş katibi Bahadur Hüseynov çıxışında layihənin humanitar və sosial tərəflərinə diqqət çəkib. B.Hüseynov bildirib ki, DAGİB gənclərin yalnız intellektual deyil, həm də gündəlik həyatda lazımi praktiki bacarıqlara yiyələnməsinə xüsusi önəm verir. Baş katib vurğulayıb ki, ilkin tibbi yardım biliklərinə sahib gənclər öz ailələrində, təhsil müəssisələrində və ya küçədə baş verə biləcək gözlənilməz hallarda cəmiyyətin dayağına çevrilirlər və təşkilat bu cür xilasedici maarifləndirmə təşəbbüslərini digər regionlarda da davam etdirəcəkdir.












