“Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər iqtisadi əsaslara söykənir. İqtisadiyyat özündə uzunmüddətli perspektivi əks etdirdiyindən onun içərisində mütləq sabitlik, sülh, investisiya məsələsi var. İnvestisiya məsələsi hər tərəfin “qazan” – “qazan” prinsipinə söykəndiyinə görə özü ilə təhlükəsizliyi, stabilliyi gətirir və uzunmüddətli perspektivi var. Bu baxımdan hesab edirəm ki, Brüssel formatı həm Moskva, həm də Vaşinqton formatından kifayət qədər rentabellidir”.
Bu sözləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli deyib.
Siyasi şərhçi bildirib ki, hər iki tərəf bilavasitə şəxsi mövqelərini də sülh danışıqlarında ortaya qoyur:
“Amma əmin olun ki, Brüsseldə bu, belə deyil. Ən azından Avropa İttifaqının 9 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Biz Böyük Britaniya haqda müzakirə aparsaq, ola bilər xarici siyasətində bir dönüş olsun, Avropa İttifaqına qayıtsın”.
Ekspert hesab edir ki, beynəlxalq birlikdən qovulmuş Fransa növbəti dünya təsisatında öz yerini almayacaq:
“Bu gün Fransa Qafqazı Aİ-nin coğrafi xəritələri arasında görürsə, gələcəkdə onu Avropanın təsisatının tərkib hissəsi kimi hesab edirsə, o zaman proseslər məcbur edəcək ki, bu kontent fransızca olmasın. Bir halda ki, Fransa birmənalı şəkildə Ermənistanın yanında yer alır, Afrikadan qovulmağının əvəzini Qafqazda revanşla qaytarmağa çalışır, bu mənada Fransa Avropa İttifaqının bir üzvü kimi bizim üçün daha cəlbedicidir, nəinki birbaşa tərəf kimi. Çünki qərarların qəbulu məsələsi kollektivdir. Biz həmişə kollektiv Avropadan danışırıq. Heç şübhəsiz ki, burada Almaniya amili də var. Bu baxımdan Avropa İttifaqı formatı cəlbedicidir. Aİ bütün maraqların birləşdirici stimulyatorudur. Prezident İlham Əliyev bütün hallarda uğurlu strategiyasını davam etdirdi və nail olduğu əsas nəticə də budur ki, bir təmas, irəliləyiş var. Biz onun nəticələrinə yönəlik uğurlu addımları da yaxın gələcəkdə görə bilərik”.
Aytən Novruz
Musavat.com